
2020-ci ildə İranda ABŞ pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülən Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıqda partlayış baş verib.
Gununsesi.info-nun xəbərinə görə, İran dövlət mediası bu gün bildirib ki, 2020-ci ildə Bağdad hava limanında ABŞ-ın pilotsuz uçan aparatının hücumu nəticəsində İranın yüksək vəzifəli Qasım Süleymaninin ölümünün ildönümü mərasimi zamanı ardıcıl partlayışlar baş verib.
Bildirilib ki, partlayış ölkənin cənubundakı Kirman şəhərində qəbiristanlığın yaxınlığında baş verib. Açıqlamada çoxlu sayda yaralının olduğu bildirilib.
Dövlət mediası daha ətraflı məlumat verməyib.
Yarı rəsmi media orqanı “Nournews” bildirir ki, “qəbiristanlığa gedən yolda bir neçə qaz balonları partlayıb və aidiyyatı orqanlar vəziyyəti izləyir”.
SNN xəbər agentliyi təcili yardım maşınlarının Süleymaninin ölümünün ildönümünü qeyd etmək üçün yüzlərlə iranlının toplaşdığı qəbiristanlığa doğru getdiyini bildirib.
3 yanvar 2020-ci ildə ABŞ Bağdad Hava Limanında Qüds Qüvvələrinin komandanı Süleymani və “Həşdi Şaabi” silahlı qruplaşması liderinin müavini Əbu Mehdi əl-Mühəndisin karvanına MQ-9 adlı PUA ilə hava hücumu həyata keçirib. Hücumda həm komandirlər, həm də İraq və İran hərbi rəsmiləri də daxil olmaqla ümumilikdə 10 nəfər həyatını itirib.
ABŞ-ın o zamankı prezidenti Donald Tramp ABŞ-ı təhdid etdiyini əsas gətirərək Süleymaninin öldürülməsi əmrini verdiyini açıqlamışdı.
Bundan sonra İran yanvarın 8-də ABŞ-ın İraqdakı iki bazasını ballistik raketlərlə vurub. Hücum zamanı heç bir ABŞ əsgəri ölməsə də, daha sonra hücum zamanı 109 əsgərin beyin travması aldığı açıqlanıb.
İran məhkəmə sistemi sentyabrın 27-də Tramp da daxil olmaqla 73 amerikalıya qarşı “Qasım Süleymani və ətrafına qarşı terror aktları törətmək, terroru təşviq etmək və fundamental insan haqlarını pozmaq” kimi ittihamlarla iddianamə hazırlandığını açıqlayıb.
Gununsesi.info