
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Gununsesi.info həmin müsahibəni təqdim edir:
–Qüdrət bəy, Rusiyanın Ukraynaya – hücumundan 2 il keçir, mövcud vəziyyəti necə xarakterizə edərdiniz?
-Təəssüf ki, ABŞ və müttəfiqləri müharibənin bitməsində maraqlı görünmür və her keçən gün sülhü bir az da çətinləşdirir. Hər iki tərəfdən ölən və yaralananların sayı birlikdə bir milyonu keçir. Müharibənin dayandırılması Putindən daha çox asılıdır. O güclü liderdi və qardaş qırğınına son qoymalıdır. Türkiyənin vasitəçiliyindən istifadə etmək lazımdır. Rusiya qoşunlarını Ukraynanın ərazisindən çıxarmalı, 2014-cü ilə qədərki vəziyyət bərpa olunmalı, Ukrayna NATO-ya üzvülükdən imtina etməli, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar aradan qaldırılmalı, Rusiya Ukraynanın bərpasına kömək etməlidir. Rusiya ilə Ukrayna arasında dostluq və əməkdaşlıq barədə yeni saziş imzalanmalıdır.
–Ermənistanda revanşistlər bizə qarşı yeni müharibə başlada bilərmi?
-Ermənistanın silahlandırılması buna xidmət edir. Amma anlamırlar ki, Ermənistan ordusunun psixoloji baxımdan bərpası üçün on illər lazımdır. Həm də Azərbaycan yerində durmayıb. Türkiyədən müasir “Akınçı” PUA-ların alınması, Pakistandan JF-17 döyüş təyyarələrinin alınmasına dair sazişin imzalanması ordumuzun gücünü dəfələrlə artıracaq. Ermənistan işğala son qoymalı, işğal altında saxladığı ərazilərimizi azad etməli, öhdəliklərini yerinə yetirməli, Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalıdır. Paşinyan anlamalıdır ki, heç bir müharibə, anti-Rusiya ritorikası, Qərbə, İrana pişiklənmək, Azərbaycanı qaralamaq kampaniyası onu öhdəliklərini yerinə yetirməkdən yayındıra bilməyəcək. Müharibə başladıb Qərbi regiona dəvət etmək çıxış yolu deyil və onları xilas etməyəcək.
Gununsesi.info