
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Qarabağda atəşkəsin başa çatmasına dair razılığın həyata keçirilməsi üçün indi Ermənistanın baş naziri Nikol Paşinyanı və onun komandasını dəstəkləmək zəruridir.
Gununsesi.org xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, bu barədə o, dekabrın 2-də keçirilən KTMT-nin onlayn iclasında danışıb.
Rusiya prezidentinin sözlərinə görə, Ermənistan rəhbərliyi və hökumət başçısı şəxsən erməni xalqı üçün həyati vacib qərar verməli olublar. Putin bunları ağrılı, bununla belə zəruri qərarlar hesab edib, bunun üçün baş nazirdən böyük cəsarət tələb olunduğunu deyib.
“Bu çox aydın məsələdir, bu iclasda iştirak edən hər kəs bilir ki, belə bir qərarın verilməsi üçün nə qədər məsuliyyət tələb olunur. O, (Nikol Paşinyan – red) bu öhdəliyi boynuna götürdü. İndi isə bizim qarşımızda duran məsələ sülhə nail olmaq, qəbul edilmiş qərarları həyata keçirmək və çətin həyat şərtləri olan insanlara kömək etmək üçün baş nazirin özünü və komandasını dəstəkləməkdir”, – deyə Rusiya prezidenti qeyd edib.