
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Minskdə görüntülənib.
Qeyd olunur ki, ÖHŞ rəhbəri Belarus paytaxtının yaxınlığında yerləşən üçulduzlu “Green City” hotelində diqqət çəkib. Eyni zamanda hotel personalı özü də qonaqlar haqqında məlumatın məxfiliyini əsas gətirərək Priqojinin orada qaldığını təsdiq edə bilməyib.
Hoteldən, həmçinin qeyd olunub ki, onların dəbdəbəli otaqları yoxdur və ən bahalı nömrə 180 Belarus rublu (təxminən 121 Azərbaycan manatı) olan “yaxşılaşdırılmış” kateqoriyalı otaqdır.
Bundan əvvəl məlum olub ki, “Vaqner” işə qəbul mərkəzlərinin fəaliyyətini bərpa edib. Xüsusilə Novosibirsk və Tümen vilayətlərində, eləcə də Krasnodar diyarında məntəqələrin fəaliyyətini davam etdirdiyi vurğulanır.
Qiyamdan sonra bir müddət ortada görünməyən Priqojin mətbuata açıqlama da verib.
“Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq” – deyə, “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.
“Heç kim Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Vaqner iyulun 1-dən etibarən mövcudluğunu dayandıracaq“, – deyə Priqojin vurğulayıb.
“Haber Global”a istinadən xəbər verir ki, Priqojin heç vaxt Rusiya rəhbərliyini devirmək niyyətində olmadıqlarını bildirib: “Məqsədimiz Vaqnerin məhv edilməsinin qarşısını almaq idi. Yürüşümüzə ədalətsizliyə görə başladıq. Biz heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu”.
“Yolda, yerdə bir nəfər əsgəri də öldürməmişik. Sutka ərzində Moskvaya 200 km-ə qədər məsafə qət etmişik. Rostova daxil olub, şəhəri tam nəzarətə götürmüşük. Dinc insanlar bizi görməyə şad idilər. Biz master-klass göstərmişik ki, 24 fevral 2022-ci ildə başlayan xüsusi əməliyyat hansı şəkildə həyata keçirilməli idi. Bizim mövcud rejimi, qanun seçilmiş hakimiyyəti devirmək məqsədimiz olmayıb.” – deyə, Priqojin əlavə edib.
Priqojin açıqlamalasında əlavə edib ki, rus əsgərlərinin qanını tökməmək üçün geri çəkiliblər: “Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərinin olduğunu göstərdi”.
Gununsesi.info