Perspektiv əməkdaşlıq istiqaməti davam edir

Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə bu həcmin 10 milyon tona qədər artırılması planlaşdırılır. Yeri gəlmişkən, hazırda İrana, əsasən, taxıl məhsulları və meşə materialları, əks istiqmətdən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s. daşınır.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan Respublikasının həm xarici, həm də daxili iqtisadi maraqlarına cavab verir. Yeni İpək Yolunun Transxəzər hissəsindən keçən bu dəhliz regionda qüvvələr balansını yaxşılaşdırmaqla yanaşı, Süveyş kanalına və ümumilikdə, dəniz yoluna alternativ bir marşrut olduğundan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu marşrutun istifadəyə verilməsi ilə Xəzər dənizində xarici ticarət fəaliyyəti ilə yanaşı, Xəzəryanı ölkələrin logistikasına investisiyaların axını da artır.

Perspektiv əməkdaşlıq istiqaməti davam edir, yeni logistik layihələr işlənir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir.

Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətlə inkişafa davam edəcək.

 

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Gununsesi.info