
“Müharibənin dayandırılması üçün ilk cəhd oktyabrın 7-də, mən Putinə ad gününü təbrik etmək üçün zəng edəndə oldu”.
Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.
“Putin müharibəni dayandırmaq üçün səylərə vasitəçilik etmək istədiyini bildirdi. Şərtlərlə maraqlanaraq razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərt olmadan olmalıdır. Axşam ikinci söhbət oldu və Putin dedi ki, Əliyev bundan imtina edib. Ertəsi gün Putin dedi ki, Əliyev bir şərt irəli sürür – Füzuli döyüşsüz təslim edilməlidir və erməni qüvvələri isə Araz boyu Xudafərin su anbarına çəkilməlidir ki, bura Azərbaycanın nəzarətində olsun. Bundan başqa, Bakı hərbi əsirlərin qaytarılmasının mümkünlüyünü nəzərə alaraq, Quliyev və Əsgərovu (Kəlbəcər girovları Şahbaz Quliyev və Dilqəm Əsgərov-red) geri almaq istəyib. Ancaq bunun üçün hərbi əməliyyatların dayandırılması deyil, ölənlərin dəfni üçün humanitar barışıq elan edildi və bir daha müharibəyə başlamamaq üçün heç bir öhdəlik qoyulmadı. Mən imtina etdim”, – Paşinyan bildirib.
“Növbəti söhbət oktyabrın 8-də oldu və Putin bildirdi ki, Azərbaycan oktyabrın 10-u gecədən atəşkəs rejiminin yaradılmasına razılaşıb. Bunu müzakirə etmək üçün XİN rəhbəri oktyabrın 9-da müzakirə üçün Moskvaya dəvət olunub. Əsirlər və ölənlərin cəsədləri də dəyişdirilməli idi. Razılaşdım. Oktyabrın 9-da xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar Moskvada başladı və 10-na keçən gecə başa çatdı. Bundan sonra tərəflərin razılığa gəldiyi bəyanat açıqlandı. Bu, bizim üçün məqbul idi və mən Müdafiə Nazirliyinə və Baş Qərargaha atəşkəs rejiminin saxlanması barədə göstəriş verdim. Lakin kiçik fasilələrdən sonra Azərbaycan hücumlarını artırdı, onları artıq keçmiş DQMV ərazisinə çevrildi. Təbii ki, qoşunlara hər şeyi etmək əmri verildi. Amma eyni zamanda Moskva razılaşmalarına uyğun olaraq atəşkəsin yaradılması və saxlanması üçün diplomatik səylər göstərildi”, – Paşinyan qeyd edib.
Ermənistan baş naziri üçtərəfli bəyanatın 9 noyabr səhər saatlarında imzalandığını iddia edib.
Gununsesi.info