Pakistan keçmiş SSRİ dövründən qalmış borcunun Rusiyaya qaytarılması barədə razılaşmanı imzalayıb.
Gununsesi.org-un TASS-a istinadən məlumatına görə, borcun miqdarı 93,5 milyon dollardır (159 milyon manat).
Sənədi Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak və Pakistanın Rusiyadakı səfiri Kazi Halilulla imzalayıblar.
İlkin razılaşmaya əsasən, 2015-ci ilin noyabrında iki ölkənin maliyyə nazirləri bir araya gələrək qarşılıqlı tələblərin yerinə yetirilməsi mövzusunda anlaşdıqdan sonra ödənişin edilməsi üçün hökümətlərarası ortaq sənəd mətni hazırlanıb.
Qeyd edək ki, Pakistanın borcu iki ölkə arasında 30 illik mübahisəyə çevrilib. 80-ci illərdə SSRİ Pakistan şirkətlərindən yüngül sənaye malları alıb. Lakin SSRİ dağılandan sonra qarşılıqlı iddialar həll edilməmiş qalıb.
2016 və 2017-ci illərdə aparılan danışıqlar nəticəsində tərəflər borcların ödənilməsi barədə razılığa gəliblər.
COMMENTS