
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, pedaqoq, sənətşünaslıq doktoru, professor, ictimai-siyasi xadim Ədalət Vəliyevin 65 yaşı tamam olur (04.03.1959, Bakı).
Ədalət müəllim Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsində ali təhsil alıb.
1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləmiş Ədalət Vəliyev, 1986–1987-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 1987–1989-cu illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışıb; o, 1989–1991-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sərəncamçı direktor, 1991–1993-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında direktor vəzifəsində fəaliyyət göstərib.
Ədalət Vəliyev Azərbaycan Teatr Xadimləri İttifaqı, Yazıçılar Birliyi və həmçinin Rəssamlar İttifaqının üzvüdür.
1997–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Ədalət Vəliyev, Azərbaycanda və xaricdə çap olunan çoxlu sayda elmi, publisistik məqalənin, dərslik, dərs vəsaiti və proqramların müəllifidir.
2003-cü ildə “Elm” nəşriyyatında “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri” adlı monoqrafiyası, 2005-ci ildə “Teatr sənətimiz: dünən, bu gün, sabah…”, 2007-ci ildə isə “Yeni təməl” adlı kitabı nəşr olunub. 2009-cu ildə “Əqidə, Ruh və Teatr” (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyası, 2012-ci ildə İstanbulun “Still Company” nəşriyyatında (ingilis dilində) “The Structure of a Modern Theatre” kitabı, 2014-cü ildə İngiltərənin “Open Theatres” nəşriyyatında “Belief, Spirit and Theatre” kitabı, 2016-cı ildə “Təhsil” nəşriyyatında (rus dilində) “Азербайджанский театр начала XXI века” adlı kitabı gün üzü görüb.
Tanınmış ictimai-siyasi, elm və sənət xadimi Ədalət Vəliyev 1993-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsində çalışıb; 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiridir.
Müxtəlif yubiley medalları ilə təltif olunan Ədalər Vəliyev, Azərbaycan Prezidentinin 05 mart 2019-cu il tarixli Sərəncamı əsasında 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Hörmətli Ədalət müəllimi yubileyi ilə bağlı təbrik edir, ona möhkəm cansağlığı, şərəfli və məsul vəzifəsində yeni uğurlar diləyirik!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi