Vaşinqtondakı son gərginliyə baxmayaraq ABŞ ordu hissələri paytaxtda çox qala bilməyəcək.
Gununsesi.org-un Moderator.az-a istinadla məlumatına görə, bununla bağlı iki gün öncə Pentaqonda qərar qəbul edildiyi açıqlanıb.
ABŞ-ın Minneapolis şəhərində ağdərili polis qaradərili Corc Floydu boğub öldürəndən sonra başlanan kütləvi aksiyalarda etirazçılar hətta Ağ ev ərazisinə hücum etmişdilər. Nəticədə Milli Qvardiya əsgərləri və Müdafiə Nazirliyinin qüvvələri, zirehli texnika paytaxta yeridilmiş, təhlükəli vəziyyət yarandığı üçün prezident Donald Tramp təcili təxliyyə edilərək gizli bunkerə aparılmışdı. Müdafiə Nazirliyi Vaşinqtonun təhlükəsizliyini qorumaq məqsədilə paytaxta ilk mərhələdə 1600-dən çox əsgər göndərmişdi.
Artıq polislərin işinə mane olmayacağını bəyan edən Pentaqon 4 iyun gecəsindən başlayaraq Hərbi Hava Qüvvələrinin və motoatıcı diviziyanın, eləcə də 82-ci bazanın 900 əsgərini şəhərdən çıxarıb. Hazırda daha 700 əsgəri hərbi hissələrə qaytarmağa hazırlıq görülür. Siyasi rəhbərlik bu qərarla elə də razılaşmasa da, Müdafiə Nazirliyi ordu hissələrinin lazımi yerdə, təyinatı üzrə hərəkət etməli olduğunu açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasında artıq paytaxtdan çıxarılan hərbi qüvvələrin hamısının “Fort Bragg” və “Fort Drum” bazalarına çatdığı deyilir. Bununla belə Pentaqon rəsmiləri bildiriblər ki, hələlik ordunun paytaxtı tam tərk etmək fikri yoxdur. Vaşinqtonun müəyyən ərazilərinə nəzarət etmək üçün dövlət əhəmiyyətli obyektlərə, həm də Ağ evə yaxın yerləşdirilən 4500 hərbçinin öz xidmətini hələ bir müddət burada davam etdirəcəyi açıqlanıb.
Gununsesi.org
COMMENTS