“Onun şeirlərinin hamısı diridir, orda bir yorğun, ölüvay misra, söz tapmaq mümkün deyil…”

Bu gün ünlü şair Zakir Fəxrinin yetmiş dörd yaşı tamam olur.

Gununsesi.info bildirir ki, Moderator.az-ın əməkdaşı bu münasibətlə şairin dostlarının onun haqda fikirlərini öyrənib.

Zakir Fəxrinin doğum günündə dostları onu belə təbrik edib:

Yazıçı Seyran Səxavət:

“Dünən zəng eləyib doğum gününü təbrik etmişəm. Zakir Fəxrini eldə bir söz var e, deyir yüz ildir tanıyıram. Bir yerdə böyümüşük, işləmişik, bir sözün ətrafında olmuşuq. Taleyi heç kəsə bənzəməyən, son dərəcə maraqlı bir adamdır. Heç kəsə oxşamır. Əlbəttə ki, tale oxşamayanda adam özü də oxşamır. Bütün bunlar öz yerində, Zakir Fəxri həm də təpədən-dırnağa qədər şairdir. Onun varlığında şairlikdən, sözdən başqa heç nə yoxdur. Ona görə də o, şairliklə, sözlə başdan-ayağa doludur. Onun bütün şeirlərinin hamısı diridir. Orda bir yorğun, ölüvay misra, söz tapmaq mümkün deyil. Onun bir şeiri haqqında böyük məqalə yazmışdım. Şeirindən iki misra misal gətirmişdim və demişdim ki, bu dahiyanədir. İndi o fikrimə bir də qayıdacam. Bizə özümüz öz içimizdə bir-birimizə verdiyimiz qiymət heç vaxt sayılmayıb, ciddiyə alınmayıb. Bizə gərək bunu qonum-qonşu, yad desin. Onda deyirik ki, bu dahi, əzəmətli, böyük imiş ki. Zakir Fəxrinin şeirləri hamısı elə bil şeirdən çox havadır. Orda ancaq ürəkdir. Poeziya hava deməkdir. Lap yaxşı mənada deyir “Havalansın xanın səsi”. O mənada havalanmaq deməkdir. Bir az da yaxın, kədərli və ağır mənada götürsək, eldə havalanmaq sözü var. Deyir filankəs havalanıb, yəni dəli olub. Yenə əvvəlki fikrimə qayıdıram. Elə bil o şeirdə Zakir Fəxri bütün dünyayla, qalaktikayla və bunların simasında fələklə əlbəyaxadır. Deyir ki, “Silkələmə, fələk, məni, çiynimdəki tabut düşər”. Demişdim ki, bu dahiyanədir. Zakir qardaşımızı bağrıma basıram və indi bu yaşda vicdanı varsa,  yetim-yesir dostlarını yığsın bir tikə çörək versin və sözümüzün də ardını orda deyək”.

Yazıçı, millət vəkili Aqil Abbas:

“Zakir mənim təkcə dostum deyil, həm də qohumumdur. Gözəl şairdir, sədaqətli dostdur, nə var dilindədir, səmimi adamdır. Bir qardaşı Kamil Qarabağ müharibəsində şəhid oldu. Mən onu ürəkdən təbrik edirəm. Gün o gün olsun ki, Xalq şairi olsun. Bir müddət öncə səhhətində problemi var idi, əməliyyat olundu. Amma şükür Allaha, indi səhhəti normaldır. Deyirsiniz Zakirin yetmiş dörd yaşı tamam olur, amma elə bilirsən ki, o, çox gəncdir. Çünki həmişə çılğındır, səs-küylüdür, olduğu yerdə, insanların arasında mehribançılıq yaradandır”.

Professor Qulu Məhərrəmli:

“Zakir Fəxri bizim müasir poeziyamızın ən fərqli, orijinal, ən təbii qatlarından biridir. Onda sözün həqiqi mənasında xalq ruhu, düşüncəsi, uzun əsrlərdən gələn hisslərin, duyğuların çox fərqli şəkildə ifadəsi var. Zakir Fəxri bir şəxsiyyət kimi də maraqlıdır, çox populyardır, sözlərinə çoxlu mahnılar yazılıb, dostları onu çox istəyir. Çünki iliyinə qədər səmimi adamdır. Ona görə Zakir Fəxrinin doğum gününü təbrik edirəm, ona yaradıcılıq uğurları arzulayıram. Həmişə sağlam olsun, səsi gur gəlsin və biz həmişə onu belə nikbin, xoş, gözəl əhval-ruhiyyədə görək”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Mən Zakiri doğum günü münasibətilə təbrik edirəm. Zakir ötən il Vaqif Poeziya Günlərində iştirak etmək üçün Şuşaya getdi. Onunla mənim tanışlığımın ilk illərində, yəni ötən əsrin səksəninci illərində Şuşada Vaqif Poeziya Günlərində bir neçə dəfə Yusif və Vaqif Səmədoğluyla bir yerdə olmuşduq. Zakirin şeirlərində də həmişə Qarabağ həsrəti, ağrısı hiss olunur. “Qarabağın qara bəxti”, “Qalmaz belə, qalmaz dünya” mahnısı da şöhrət tapdı və bizim ağrımızı da, niskilimizi ovutmağa kömək etdi. Onun Qarabağsız şeiri ağrıyla, dərdlə dolu bir şeir idi. Mən keçən il çox sevindim ki, Zakir yazıçı dostlarının əhatəsində uzun fasilədən sonda Şuşaya getdi. Arzulayıram ki, gələcək illərdə artıq Qarabağsız yox, Qarabağlı gözəl şeirlər yazsın. Bu günlərdə Zakir əməliyyat olundu biz hamımız dua etdik, ona can sağlığı, tez sağalmasını arzulayırıq və arzulayırıq ki, sağalıb dediyim kimi tez-tez Qarabağa getsin və şeirləriylə bizi sevindirsin”.

Gununsesi.info