Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanın ABŞ ilə birlikdə nüvə enerjili sualtı qayıq tikmək planını kəskin tənqid edib.
O, bu təşəbbüsü Koreya yarımadasında qeyri-sabitliyi artıran, Şimali Koreyanın təhlükəsizliyi və dəniz suverenliyi üçün ciddi təhdid adlandırıb.
Maraqlıdır, ABŞ bu layihə ilə Cənubi Koreyanı qorumağa çalışır, yoxsa Çinə və Şimali Koreyaya qarşı yeni cəbhə açır?
Əvvəla, Cənubi Koreyanın qorunması ABŞ üçün formal səbəbdir və real təhlükəsizlik kontekstində məntiqlidir. Şimali Koreya artıq təkcə quru və hava deyil, dənizdən də nüvə zərbəsi endirmə potensialı qurmağa çalışır. Bu fonda ABŞ-nin Seula nüvə enerjili sualtı qayıq texnologiyası ilə yaxınlaşması deterrensiyanı gücləndirir və “genişləndirilmiş nüvə təminatı”nın praktik ifadəsidir.
Amma məsələ bununla bitmir.
Bu layihə eyni zamanda Çinə və Şimali Koreyaya qarşı yeni strateji cəbhənin elementidir. Nüvə enerjili sualtı qayıqlar klassik müdafiə vasitəsi deyil, onlar gizli, uzunmüddətli və zərbə yönümlü platformalardır. Bu isə ABŞ-nin Asiya-Sakit okean strategiyasının əsas xəttinə, daha dəqiq, Çinin dənizdə artan təsirini balanslaşdırmaq siyasətinə tam uyğundur. Seul bu mənada Vaşinqtonun regional strategiyasında sadəcə müttəfiq yox, ön xətt elementi rolunu oynayır.
Şimali Koreya üçün isə bu addım açıq mesajdır: Pxenyanın nüvə şantajı artıq yalnız quru raketləri ilə işləməyəcək. ABŞ, Cənubi Koreya vasitəsilə, Pxenyanın ikinci zərbə qabiliyyətini boğmağa yönəlmiş dəniz nəzarətini gücləndirir.
Elmar













