
İsrailin baş naziri Benyamin Netanyahu müvəqqəti atəşkəs əldə olunsa belə, HƏMAS-a qarşı müharibəni davam etdirəcəklərini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistlərə əsirlərin mübadiləsinə dair sazişin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.
“Biz müharibəni davam etdiririk və bütün məqsədlərə çatana qədər davam edəcəyik. Biz HƏMAS-ı məhv edəcəyik, oğurlananların hamısını geri qaytaracağıq və Qəzzada İsrail üçün təhlükə qalmamasını təmin edəcəyik”, – Netanyahu bildirib.
İsrail və beynəlxalq media, razılaşmanın birinci mərhələsində HƏMAS-ın Qəzza zolağında saxlanılan 50-80 israilli qadın və uşağı azad edəcəyini bildirib.
Buna cavab olaraq İsrailin əksəriyyəti qadın və uşaq olmaqla ən azı 150 fələstinli məhbusu azad etməli olduğu bildirilib.
Əsir mübadiləsinin Qəzzada dörd günlük atəşkəs elan edildikdən sonra baş tutacağı və razılaşmanın bir hissəsi olaraq gündə təxminən 300 yük maşınının Qəzzaya buraxılacağı bildirilib.
İsrailin məlumatına görə, 239 israilli girov HƏMAS-ın silahlı qanadının əlindədir.
İsrail həbsxanalarında 7 minə yaxın fələstinli məhbus var, onlardan 2 mindən çoxu inzibati məhbusdur.
Oktyabrın 7-dən İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 3000-ə yaxın fələstinlini həbs edib.
Gununsesi.info