Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir.
Milli Məclisin ötən gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində Moskva və Qars müqavilələrinin adının Naxçıvan Konstitusiyasından çıxarılması səsverməyə qoyularaq qəbul edilib.
Maraqlıdır, Naxçıvan Konstitusiyasının Preambulasının dəyişməsi, Moskva və Qars müqavilələrinin Konstitusiyadan çıxarılması hansı mənaya gəlir?
Naxçıvanın Muxtar Respublika statusu ləğv edilir?
Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.
O bildirib ki, bu sualın konkret cavabı yoxdur:
“Bu günə qədər Naxçıvanın muxtar statusu iki səviyyədə təmin olunurdu. Birinci səviyyə tarixi-beynəlxalq legitimlikdir. Burada əsas məqam Preambulanın hüquqi mahiyyəti və muxtariyyətin nəyə əsaslandığını başa düşməkdir. Belə ki, Preambula ümumiyyətlə normativ-hüquqi qaydaları müəyyən etmir, daha çox sənədin ideoloji, tarixi və siyasi əsaslarını ifadə edir. Muxtar Respublikanın Konstitusiyasının Preambulasında qeyd edilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Yəni Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasından Moskva və Qars müqavilələrinin çıxarılması avtomatik olaraq Naxçıvanın muxtariyyətinin ləğvi demək deyil”.
Politoloq eyni zamanda deyib:
“İkinci və əsas səviyyə isə daxili konstitusion legitimlikdir. Yəni Azərbaycan Respublikasının Konstitusiyası. Məhz bu Konstitusiya Naxçıvanı muxtar respublika kimi tanıyır, onun səlahiyyətlərini, dövlət hakimiyyəti orqanlarını və Azərbaycanla münasibətlərini müəyyən edir. Yəni bilinənin əksinə, Naxçıvanın muxtar statusu beynəlxalq müqavilələrdən yox, Azərbaycan Respublikasının Konstitusiyasından və dövlətin daxili konstitusion quruluşundan irəli gəlir. Daha dəqiq desək, Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir. Azərbaycan Konstitusiyasında Naxçıvanın statusu ayrıca maddələrlə təsbit olunub. Yəni bu status dəyişmədiyi müddətcə Naxçıvan hüquqi baxımdan muxtar subyekt olaraq qalır. Muxtariyyətin dayağı Preambula yox, Konstitusiyanın mətn hissəsidir”.
Siyasi şərhçi Moskva və Qars müqavilələrinə də toxunub:
“Müqaviləyə gəldikdə, tarixi baxımdan Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunmasında hər iki müqavilə mühüm rol oynayıb. Xüsusilə Qars müqaviləsi Naxçıvanın üçüncü dövlətə verilməməsi ilə bağlı beynəlxalq təminat mahiyyəti daşıyır. Lakin bu müqavilələrin Preambuladan çıxarılması onların hüquqi qüvvəsinin tamamilə inkarı anlamına gəlmir. Beynəlxalq hüquqda bir müqavilənin qüvvəsi onun başqa bir sənəddə xatırlanıb-xatırlanmamasından asılı deyil. Təklif edilən yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Orxan












