Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

Rusiya ilə müharibə zamanı həlak olan mülki Ukrayna vətəndaşlarının sayı 10 703 nəfərə çatıb.

Gununsesi.info bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında baş katibin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Xiari  məlumat verib.

O qeyd edib ki, BMT münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə yayılmasından narahatdır.

Xiarinin sözlərinə görə, rus qoşunları münaqişənin genişləndiyi kənd, qəsəbə və şəhərləri demək olar ki, tamamilə məhv edib.

Bu hücumlar beynəlxalq hüququn pozulmasıdır və dərhal dayandırılmalıdır, deyə BMT baş katibinin köməkçisi davam edib.

“Rusiyanın Ukraynaya təcavüzü 10 703 mülki şəxsin ölümü ilə nəticələndi. Onlardan 549-u uşaqdır. 20 146 nəfər yaralanıb. Biz mülki şəxslərə və mülki infrastruktura qarşı edilən bütün hücumları qınayırıq”, – Xiari bildirib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) Humanitar Maliyyələşdirmə və Resurs Transferi şöbəsinin direktoru Lisa Douten də mülki şəxslərə hücumların beynəlxalq humanitar hüququ pozduğunu bildirib və münaqişə tərəflərinin mülki insanları qorumaq üçün öhdəliklərini xatırladıb.

Onun sözlərinə görə, BMT hələ də humanitar yardımın çatdırılmasında ciddi maneələrlə üzləşir, xüsusən də Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə.

O, əlavə edib ki, BMT əməkdaşları demək olar ki, 1,5 milyon insana mühüm humanitar yardım çatdıra bilmirlər.

 

Gununsesi.info