
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəslə bağlı qətnamə layihəsini onun effektivliyinə inanmadığı üçün rədd edib.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rio-de-Janeyroda keçirilən G20 xarici işlər nazirlərinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi düstur, o cümlədən əsirlərin mübadiləsi və Qəzza sakinlərinə humanitar yardım daha “funksionaldır”.
“BMT Təhlükəsizlik Şurasının qətnaməsi məhsuldar olmayacaq. Bizim iki qeyd-şərtimiz var idi, onlardan biri layihədə girovlar haqqında heç nə deyilməsi, ikincisi isə onun qəbul olunma vaxtı ilə bağlı idi”, – deyə diplomat bildirib.
Dövlət katibi qeyd edib ki, ABŞ-ın səyləri qalan məhbusların dərhal azad edilməsinə və genişləndirilmiş humanitar atəşkəsin yaradılmasına yönəlib.
Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəsə çağıran qətnamənin qəbuluna növbəti dəfə veto qoyub. Səsvermə fevralın 20-də keçirilib.
Blinken həmçinin Braziliya prezidenti Lula da Silvanın İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist lideri Adolf Hitlerin cinayətləri ilə müqayisə edən bəyanatı ilə də razılaşmayıb.
Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar Braziliya liderinin şərhləri ilə “tamamilə razı deyil”.
Gununsesi.info