Müdafiə Nazirliyinə Mübariz Mənsimovla bağlı sorğu daxil olmayıb -NAZİRLİKDƏN AÇIQLAMA

Artıq bir neçə gündür ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun yerli mətbuata müsahibəsində səsləndirdiyi fikirlər fərqli prizmalardan müzakirə olunmaqdadır. Hətta iş adamının Əfqanıstanda olması ilə bağlı açıqlaması ətrafında qalmaqal yaratmağa çalışanlar da var.

İddia edilir ki, Mübariz Mənsimovun “2 dəfə Əfqanıstanda olmuşam” açıqlaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.

Nazirlik isə M.Mənsimovun dediklərini təkzib edib.

Belə ki, “Haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev iş adamının hərbi xidmət dövrü ilə bağlı araşdırma aparıb. O, sosial hesabında yazıb ki, Mübariz Mənsimovla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və aşağıdakı məzmunda cavab alıb:

“22.03.1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası – Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib”.

Maraq doğuran məqam isə konfedensiallıq daşıyan məlumatların Azərbaycanın güc strukturu tərəfindən açıqlanması iddiasıdır.

Müdafiə Nazirliyindən bununla bağlı sorğuya cavab olaraq verilən cavabla mətbuatda yayılan bütün məlumatlar təkzib olunur.

“Bu mövzuda Müdafiə Nazirliyinə sorğu daxil olmayıb”, – MN-dən bildirilib.

Gununsesi.info