
Moldovanın Xarici İşlər və Avrointeqrasiya Nazirliyi ölkədə akkreditə olunmuş Rusiya diplomatlarının sayını kəskin ixtisar etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, buna Kişinyovdakı Rusiya səfirliyinin ərazisində dinləmə qurğuları və agentlər barədə The Insider saytının apardığı təhqiqat nəticələrinin dərc edilməsi səbəb olub.
Moldova XİN-in sözçüsü İqor Zaxarov deyib ki, Moldova Rusiyanın Kişinyovdakı səfirliyinin 18 diplomatını və 27 texniki əməkdaşını ölkədən çıxaracaq.
Beləliklə Rusiyanın Moldovadakı səfirliyində yalnız 10 diplomat və 15 texniki işçi qalacaq.
Moldovanın xarici işlər naziri Niku Popeskunun bu barədə bəyanatında deyilir:
“Bir neçə onillik ərazində biz Rusiya tərəfindən bir neçə növ fəaliyyətlərin, o cümlədən düşmən siyasətin şahidi və obyekti olmuşuq. Başqa bir ölkənin diplomatik korpusunun əhəmiyyətli hissəsinin ölkəmizdəki vəziyyətin sabitsizləşdirilməsinə yönəldiyi bir şəraitdə biz siyasi qərarlar qəbul edən idarələr və şəxslərlə birlikdə Moldovadakı RF səfirliyi diplomatlarının sayının məhdudlaşdırılmasının zəruriliyinə dair ümumi razılığa gəlmişik”.
Casusluq ittihamı
Nazir bildirib ki, bu niyyət barədə Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsova məlumat verilib.
Popesku deyib ki, Rusiya səfiri XİN-ə səfirliyin damındakı antenalar barədə izahat vermək üçün çağırılmışdı.
Moldova XİN habelə bildirib ki, hazırda Rusiya diplomatlarının casusluq fəaliyyətinin xarakter və miqyası təhqiq edilir:
“Biz istənilən casusluğu və Moldovanın daxili işlərinə suverenliyimizə və milli dövlət təhlükəsizliyimizə birbaşa hədə yaradan xarici müdaxiləni tamamilə qeyri-məqbul hesab edirik”.
Şəbnəm
Gununsesi.info