Mingəçevirdə bu məktəbdə nə baş verir? -Zəminə Qarayeva ilə bağlə yeni faktlar

Bir müddət əvvəl xəbər verdiyimiz Mingəçevir şəhər 14 nömrəli məktəbdən, daha dəqiq, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qarayeva Zəminə Fidail qızından yeni xəbər var.

Belə ki, bundan əvvəl də dilə gətirilən problemlər həllini tapmayıb, üstəlik, məktəb kollektivi və valideynlər arasında ciddi narahatlıq doğuran hallar davam etməkdədir.

Gununsesi.info xəbər verir ki, narahatlığa səbəb olan əsas məsələlər vəzifə funksiyalarından irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi, rəhbərliyin əmr və göstərişlərinə tabe olunmaması, müəllimlərə qarşı ayrı-seçkilik və qərəzli münasibətin nümayiş etdirilməsi, eləcə də təhsilverən adına yaraşmayan etik davranış hallarıdır.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, müxtəlif hallarda dərs prosesinə icazəsiz müdaxilə edilməsi, sinif otaqlarına salam vermədən daxil olunması, sənədlərlə tanış olmadan müəllimlərin “yoxdur” kimi qeyd edilməsi, tədris prosesinə, müəllim və şagirdlərə lazımı nəzarətin həyata keçirilməməsi ilə bağlı faktlar müşahidə edilmişdir.

Bundan əlavə, iş vaxtı ərzində sosial şəbəkə fəaliyyətinə həddindən artıq vaxt ayrılması, xüsusilə “Eltac Eltac Mirzəzadə” adlı Facebook hesabında davamlı paylaşımlar edilməsi kollektivdə haqlı narazılıq yaratmışdır.

Halbuki həmin vaxt ərzində dövlət tərəfindən əməkhaqqı məhz təhsil və idarəetmə fəaliyyətinin həyata keçirilməsi üçün ödənilir.

Eyni zamanda, pedaqoji şuralarda və iclaslarda heç bir əsas göstərilmədən iştirak etməməsi də idarəetmə və təşkilati fəaliyyət baxımından ciddi problem hesab olunur.

Xüsusi narahatlıq doğuran digər məsələ isə adıçəkilən Facebook hesabında təhsilverənlərin etik davranış qaydalarına zidd paylaşımların edilməsi, müəllim və digər şəxslərin təhqiramiz ifadələrlə hədəf alınmasıdır.

Paylaşımlarda “torbatikən”, “üzəduran”, “beyin yox, peyin gəzdirənlər”, “özünü qatıq hesab edən ayranlar”, “mostu qaçanlar”, “Mədinənin kuklası”, “alçaq”, “ikiüzlü”, “işverən”, “əqidəsiz”, “mənəviyyatsız”, “tərbiyəsiz”, “erkək Fatma”, “bambılı” və digər nalayiq ifadələrdən istifadə olunması müəllim nüfuzuna və ümumilikdə təhsil mühitinə ciddi zərbə vurur.

Şəxslərin adları birbaşa qeyd edilməsə belə, 1000-dən artıq şagirdin təlim-tərbiyəsinə cavabdeh olan bir direktor müavininin bu cür davranışları həm məktəbin, həm müəllim nüfuzunun, həm də ümumilikdə Azərbaycan təhsilinin ictimai imicinə mənfi təsir göstərir. Bu hallar valideynlər və müəllimlər arasında ciddi narazılıq və narahatlıq yaradıb.

Digər diqqətçəkən məqam isə sosial şəbəkə hesabında profil və paylaşımlarda ölkə təhsilində mühüm mövqeyə malik şəxslərin şəkillərindən istifadə olunmasıdır ki, bu da qanunvericiliyin, xüsusilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1 və 148-2-ci maddələrinin tələbləri baxımından ayrıca hüquqi qiymətləndirmə tələb edən məsələdir.

Bundan başqa, “gedin kimə istəyirsiniz deyin, mənə deyiblər ki, narahat olma” kimi ifadələrin işlədilməsi kollektivdə haqlı suallar doğurur və belə çoxsaylı qanun və etik norma pozuntularına hansı səbəbdən göz yumulduğu ilə bağlı ciddi şübhələr yaradır.

Sadalanan hallarla əlaqədar məktəb rəhbərliyi tərəfindən Qarayeva Zəminə Fidail qızına qarşı intizam tənbehi tədbirləri tətbiq edilmişdir.

O, verilmiş töhmətin ləğvi məqsədilə məhkəməyə müraciət etsə də, 5 ay davam edən məhkəmə prosesinin yekununda iddia təmin olunmamış, tətbiq edilmiş intizam tənbehi əsaslı hesab edilmişdir. Bundan əlavə, 18 may 2026-cı il tarixində növbəti intizam tənbehi də verilmişdir.

Bütün bunlar bir daha göstərir ki, ayrı-ayrı şəxslərin laqeydliyi, qeyri-etik davranışları və tədris prosesinə biganə münasibəti bütöv bir nəslin sağlam psixoloji mühitdə təhsil alma hüququna mənfi təsir göstərir. Təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin qorunması isə yalnız məktəb rəhbərliyinin deyil, bütövlükdə cəmiyyətin və aidiyyəti qurumların diqqət mərkəzində olmalıdır.

Elmar
Gununsesi.info