ABŞ administrasiyası Polşaya ölkədə yerləşən Amerika hərbçilərinin sayının azaldıla biləcəyi barədə xəbərdarlıq edib, lakin ixtisarın miqyası hələlik açıqlanmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, mayın 13-də Army Times ABŞ-ın tərkibində 4 mindən çox hərbçinin olduğu bir zirehli briqadanın Polşaya göndərilməsini ləğv etdiyini yazıb. Həmin briqadanın doqquz ay ərzində Polşaya yerləşdirilməsi planlaşdırılırdı.
“Politico”nun məlumatına əsasən, bu xəbər Polşa hərbi dairələrində gözlənilməz qarşılanıb. Bildirilir ki, ABŞ tərəfindən mayın 11 və ya 12-də göndərilən xəbərdarlıq Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukulanın məxfi elektron poçtunda qalıb.
Mənbələrin sözlərinə görə, general məlumatı Amerika mediasında xəbərlər yayımlandıqdan sonra tabeliyində olan şəxslərə çatdırıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə bildirib ki, ABŞ generalı Aleksus Qrinkeviç onunla söhbət zamanı briqadanın yerləşdirilməsinin dayandırılmasının Polşadakı Amerika qüvvələrinin sayının azaldılması anlamına gəlmədiyini vurğulayıb.












