Paşinyan “nikah siyasəti”ni rədd etdi

Bir neçə gün əvvəl Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını şərh etmişdi.

Gununsesi.info xəbər verir ki, o, yenidən Avropa İttifaqı ilə Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim məsələsinə toxunmuşdu.

“Bu, həm əhaliyə münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə daha düzgün olardı ki, mümkün qədər tez qərar verilsin. Məsələn, referendum keçirilsin. Bu, bizim işimiz deyil, amma məntiqli olardı ki, referendum keçirilsin və Ermənistan vətəndaşlarından onların seçiminin nə olduğu soruşulsun”, — deyə o bildirib.

Onun sözlərinə görə, bu halda “yumşaq, sivil və qarşılıqlı faydalı ayrılıq yolu” seçilə bilərdi.

Ermənistan jurnalistlərinə müsahibəsində Rusiya prezidentinin bu bəyanatını şərh edən Paşinyan isə bildirib ki, Yerevan balanslaşdırılmış siyasət yürüdür və zərurət yaranmayana qədər Avropa İttifaqı ilə Aİİ arasında seçim etməyəcək.

“Mən parlamentdə də demişəm ki, biz bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq. Dövlətlərarası münasibətlərdə Ermənistan dövlətlərarası məntiqlə hərəkət edir”.

Paşinyan qeyd edib ki, Ermənistan Aİİ-nin üzvü olaraq bu birlikdə qərarların qəbulunda tam iştirak edir. Avropa İttifaqına üzvlüklə bağlı referendum məsələsinə gəlincə, onun sözlərinə görə, bu, “zərurət yarandığı zaman” keçiriləcək.

O, xüsusilə vurğulayıb ki, Ermənistan Rusiyanın maraqlarına zərər vermək niyyətində deyil:

“Biz bundan sonra da Ermənistanın dövlət maraqlarını rəhbər tutacağıq. Eyni zamanda anlayırıq ki, münasibətlərimiz transformasiya olunur və biz Rusiya ilə əlaqələrimizi dərinləşdirməyə və inkişaf etdirməyə davam edəcəyik”.

Bununla yanaşı, Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə münasibətləri də inkişaf etdirməyə davam edəcək:

“Fakt odur ki, biz Aİİ-nin üzvüyük. Eyni zamanda fakt odur ki, biz Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanun qəbul etmişik. Bu iki fakt faktiki olaraq yanaşı mövcuddur. Və deməli onlar yanaşı mövcud ola bilir, dünən də mövcud idilər və bu gün də mövcuddurlar”.

Gununsesi.info