
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları Kəlbəcərdə baş vermiş mina partlayışı nəticəsində yaralanan şəxslərin müalicə aldığı xəstəxanadan canlı yayım ediblər.
Gununsesi.info xəbər verir ki, canlı yayımda Ermənistanın mina terroru nəticəsində xəsarət alanların kimliyi və onların vəziyyəti barədə məlumat verilib.
Xəsarət alan mülki şəxslərdən 3-ü – Pənahov Radik, Allahverdiyev Siyasət və Əliyarov Sadirin müalicəsi hazırda Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanada davam etdirilir. Həkim Ruhin Abuzərli məlumat verib ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya qəbul edilib, hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün 18:00 radələrində Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində 4 mülki şəxs minaya düşüb. Ardınca onların təxliyəsi üçün əraziyə yollanan 4 hərbçi də minaya düşüb, onlardan biri şəhid olub.Gununsesi.info