Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Cahangir Rüstəmovun ailəsi seçicilərə müraciət edib. Müraciətdə 104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən müstəqil namizəd, keçmiş deputat Nazim Bəydəmirlinin xidmətləri sadalanır və ona dəstək verilməsinin vacibliyi vurğulanır. Müraciəti oxuculara təqdim edirik:
“Əziz Gədəbəylilər və Tovuzlular!
9 fevral 2020-ci il tarixə təyin edilmiş Milli Məclisə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən 2005-10 cu illərdə özünü əsl millət vəkili kimi sübut etmiş Nazim Bəydəmirli (Məmmədov) də var. Biz Nazim Bəydəmirlini ona görə dəstəkləyirik ki, o sözdə deyil, əməldə əsil vətənpərvərdir. Dəfələrlə məhz Nazim müəllimin təşəbbüsü əsasında Başkənd əməliyyatının ildönümlərinə həsr olmuş tədbirlər mərkəzi telekanallara, KİV-ə çıxdı, bu əməliyyatlarda iştirak etmiş döyüşçülərin görüşləri bir ənənəyə çevrildi. Bu əməliyyata rəhbərlik etmiş sərkərdələr, zabitlər haqqında kitabların çapı onun köməkliyi ilə həyata keçirildi və onun iştirakı ilə təqdimatlar oldu. Nazim Bəydəmirli həm deputat fəaliyyəti illərində həm də ondan sonra bölgəmizin, xalqımızın əsas problemlərini KİV-lərdə dilə gətirən, onların həll olmasına dəstək verən, məmur özbaşnalıqlarına qarşı mübarizə aparan bir iqtisadçı-alim kimi hamıya tanışdır. Belə bir adamın yenidən sizi təmsil etməyi həm bölgəmizə, həm Azərbaycana mənfəət vermiş olar, çünki o əsl islahatçı kimi özünü tam sübut etmişdir.
Sizləri 9 fevral 2020-ci il Milli Məclisə seçkilərdə polkovnik Cahangir Rüstəmovun ailəsi adından Nazim Bəydəmirlini dəstəkləməyə çağırırıq.
Hörmətlə, Faik Rüstəmov”.
COMMENTS