MARAQLI: 50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib –ÖRNƏK SÜRÜCÜ

MARAQLI: 50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib –

Bakı şəhər sakini, 76 yaşlı Rəcəb Hüseynov 1970-ci ildən bəri avtomobil sürsə də, heç vaxt qayda pozmayıb.

Gununsesi.org Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, R.Hüseynov bu günə qədər 5 dəfə avtomobilini, 4 dəfə isə sürücülük vəsiqəsini dəyişib.

R.Hüseynov Bakı şəhəri ərazisində sürücü-piyada münasibətləri barədə keçirilən sosial sorğuda iştirak edən zaman bildirib edib ki, 50 ildir avtomobil idarə etməsinə baxmayaraq bu günə qədər heç bir yol nəqliyyat hadisəsi törətməyib və qaydalara əməl etdiyi üçün yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücü barədə İdarədə araşdırma aparılıb və onun sözləri təsdiqini tapıb: “76 yaşlı sürücü Rəcəb Məmmədağa oğlu Hüseynovun iddiaları barədə rəhbərliyə məlumat verildikdən sonra bu barədə İdarədə müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Hüseynovun istifadəsində 1970-ci ilin fevral ayından bu günə qədər mütamadi olaraq 5 müxtəlif markalı nəqliyyat vasitəsi olub. O, təkcə Bakıda yox, Azərbaycan ərazisində, eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan 10-a yaxın respublikada avtomobil idarə etsə də, heç bir yol-nəqliyyat hadisəsi törətməyib və yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib”.

Məlumat üçün bildirək ki, BŞDYPİ-nin rəhbərliyi 76 yaşlı Rəcəb Hüseynovu yarım əsrin ən nümunəvi sürücüsü elan edib və ona İdarənin rəisi Rəşad Piriyevin adından diplom və qiymətli hədiyyələr təqdim olunub.

Gununsesi.org

COMMENTS