
Rusiyanın Baş naziri Mixail Mişustin bütün dövlət məmurlarına xüsusi icazə olmadan ölkədən çıxmağı qadağan edib. Onlar xaricə yalnız rəsmi işgüzar səfər edə bilərlər.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Bell” məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumətin bütün rəhbərliyinin – nazirlər, aparat rəhbərləri, onların müavinləri və departament rəhbərləri də daxil olmaqla, səfər icazələri Mişustin tərəfindən şəxsən razılaşdırılmalı və imzalanmalıdır.
Məlumatda qeyd edilir ki, Prezident Administrasiyasının əməkdaşlarına belə məhdudiyyətlər qoyulmayıb. Mənbələrdən biri bunu Mişustinin xüsusi canfəşanlığı ilə izah edib.
Mart ayında “Current Time” yazıb ki, Kremlin əməkdaşlarının əksəriyyəti harasa getməyə heç cəhd belə etmirlər. Son bir ildə Prezident Administrasiyasının bəzi əməkdaşları xaricə səfər etsə də, belə bir səfər üçün icazəni administrasiya rəhbəri Anton Vayno şəxsən imzalaya bilərdi.
“The Financial Times” ötən həftə xəbər vermişdi ki, kəşfiyyat orqanları orta səviyyəli məmurların və dövlət şirkətlərinin məxfi məlumatlara çıxışı olmayan işçilərinin pasportlarını müsadirə etməyə başlayıb. Jurnalistlər bu tədbirləri sızma və xaricə uçuşla bağlı paranoyya adlandırdılar.
Prezidentin sözçüsü Dmitri Peskov mühüm sənaye işçilərinin digər ölkələrə səyahətinə qoyulan məhdudiyyətləri təsdiqləyib: “Bəzilərində onlar rəsmiləşib, bəzilərində isə konkret işçilərlə bağlı qərarlardan asılıdır”.
Gununsesi.info