Məhbus ölümünə səbəb olan rəis köməkçisinə inanılmaz qərar

Məhbusa qarşı pis rəftarda, onu əl-ayağı qandallı vəziyyətdə bir sutka cərimə kamerasında (“kars”) saxlayıb, ölümünə səbəb olmaqda təqsirləndirilən rəis köməkçisinə məhkəmə cəmi 2 min manat cərimə cəzası kəsib.

Gununsesi.info xəbər verir ki, söhbət Salyan rayonunun Yenikənd kəndi ərazisində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş ölüm hadisəsindən gedir.

Təqsirləndirilən şəxs isə müəssisənin baş inspektoru, eyni zamanda, rəisin köməkçisi, mayor Hümmət Məmmədovdur.

Hadisə bu il fevralın 28-də olub. Həyatını itirən 24-yaşlı Sübhan Ağayev müəssisəyə gələndən üç gün sonra orada ölüb. 2022-ci ilin oktyabrından həbsdə olan və Şüvəlandakı istintaq təcridxanasında saxlanılan Ağayevin xəstəliyi olmayıb. Bunu təcridxanaya daxil olanda keçdiyi müayinənin nəticələri də sübut edir.

Beləliklə, Ağayev fevralın 27-də “kars”a salınıb və orada əlləri çarpayıya qandalla bağlı vəziyyətdə saxlanılıb. Eyni zamanda, ayaqları da qandallanmış halda olub. Fevralın 28-də səhər saat 9 radələrində onun qandalları açılanda artıq vəziyyəti ağır olub. Hətta ayaq üstə dayana bilməyib.

Həkim Fədai Dadaşovu “kars” otağına çağırıblar. Həkim gəlib məhbusun vəziyyətinin ağır olduğunu görəndə dərhal Təcili Tibbi Yardım çağrılmasını istəyib. Özü təzyiqini, nəbzini yoxlayıb və məlum olub ki, artıq Sübhan Ağayevin həyatını xilas etmək mümkün deyil.

 

Gununsesi.info