Lavrov: “Erməni tərəfinin bu metodu suallar doğurur”

Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina etməsi barədə Rusiyanı məlumatlandırmaq üçün heç bir diplomatik kanaldan istifadə etməyib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

HTML tutorial

Lavrov qeyd edib ki, erməni tərəfinin bu metodu suallar doğurur.

“Biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin məlumatından öyrəndik. Adətən belə hallarda istifadə olunan istənilən diplomatik kanallardan istifadə olunmayıb. Bu, Ermənistan tərəfinin qərarıdır”, – Lavrov bildirib.

Rusiyalı nazirin fikrincə, tərəflərdən biri əlaqə saxlamaqdan imtina edərsə, Ermənistanla Azərbaycan arasında insidentlər davam edəcək.

“İstənilən münaqişə zamanı qaçılmaz olan və təbii ki, təcili olaraq nəzərdən keçirilməli və onları tənzimləməyə çalışmalı olan bu insidentlər, hər dəfə tərəflərdən biri razılığa gəlməkdən imtina edərsə, daha uzun müddət davam edəcək”, – deyə Lavrov bildirib.

Dekabrın 22-də Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, erməni tərəfi dekabrın 23-də Moskvada planlaşdırılan üçtərəfli danışıqlardan imtina edib. Bunun ardınca Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, İrəvan Laçın dəhlizində vəziyyət nizamlanana qədər üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüşü təxirə salmağı xahiş edib.

Gununsesi.info