
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı ikitərəfli Rusiya-Türkiyə münasibətləri, ticari-iqtisadi əməkdaşlıq, regional problemlər, o cümlədən Ukrayna müzakirə olunacaq.
Gununsesi.info bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov qeyd edib ki, Putinlə Ərdoğanın hər görüşü gündəm baxımından çox hadisəli olur.
“Əlbəttə, regional problemlər həmişə müzakirə olunur. Və təbii ki, Ukrayna”, – Peskov Rusiya mətbuatına istinadən bildirib.
“Bu, əlbəttə ki, ilk növbədə ikitərəfli Rusiya-Türkiyə münasibətləri, bizim ticari-iqtisadi əməkdaşlığımızdır”, – Kremlin mətbuat katibi qeyd edib.
Peskovun sözlərinə görə, Türkiyə Qərbin təzyiqlərinə baxmayaraq, Rusiya ilə münasibətlərdə suverenliyini qoruyur.
“Türkiyə bu məsələdə kifayət qədər prinsipial və müstəqil mövqe tutan və bizimlə ticari-iqtisadi əməkdaşlıq qurmağa davam edən nadir ölkələrdən biridir”, – Peskov vurğulayıb.
Peskov Putinin səfərinin dəqiq tarixi ilə bağlı açıqlama verməyib, lakin dünən “Reuters”ə danışan yüksək rütbəli Türkiyə rəsmisi Putinin səfərinin fevralın 12-də gerçəkləşəcəyini bildirib.
Gununsesi.info