Komedixana milli yumorumuzdur - Orxan Saffari yazır…

Ölkədə əsassız yerə tənqid edilən, çoxlarının sürü psixologiyasının dili ilə danışdığı bir məsələ də “Komedixana”-dır. Bu mənada, “Komedixana” Azərbaycan yumorunda, efirində yeni mərhələdir. Obrazlı desək, yaxşısı və pisi ilə Komedixana hazırda məhz milli yumorumuzdur.

Bəs nədir bu layihənin strukturu?

Belə demək olarsa, satirik-komedik layihələrdən biri kimi populyarlaşan bu layihə əsasən qısa səhnəciklər, parodiya, sosial satira və gündəlik həyatın absurd tərəflərini komik formada təqdim edən skeçlər üzərində qurulub.

Məsələn, bu sçeklərin bəziləri hətta gülməli olmaya bilər, ancaq qətiyyən uğursuz deyildir.

Komedixana aktyorlarının böyük əksəriyyəti, ad çəkəsi olsaq, başda Ənvər Abbasov olmaqla, İlkin Misgərli, Müşfiq Şahverdiyev, Cavidan Novruz, Mənsur Şərif, Nicat Rəhimov və başqaları kifayət qədər istedadlı aktyorlardır.

Hətta daha dəqiq, bu gün Xalq artisti adı alan, həyatda olan və olmayan aktoyrların böyük əksəriyyətindən də yaxşıdırlar.

Əlbəttə, onların hər biri ayrı-ayrılıqda tənqidə gəlir, fəqət ümumilikdə az qala heç biri pis aktoyr deyil.

Söz yox, o da var ki, məsələn, bəzən sosial şəbəkə trendlərinə qədər düşürlər, fəqət küllən sənətlə məşğul olan zaman “xaltura”, bazara işləməmək də mümkün deyil.

Maraqlıdır ki, Mənsur Şərif vayn çəkməklə məşhurlaşıb. Onun hətta əksər vaynları da kifayət qədər uğurlu idi. Eyni dövrdə xeyli sayda vayn çəkən olsa da, zamanla heç biri duruşunu saxlaya bilmədi. Ancaq Mənsur, necə deyərlər, qabağa getməyi bacardı. Vaynda qurtularaq başqa mərhələ keçmək o qədər asan deyil və o müstəvidə ciddi məsələdir.

Nicat Rəhimovun özü başdan-ayağa koloritli adamdır. Kommersiya məqsədli filmlərdə də belə kifayət qədər uğurlu rollar nümayiş etdirə bilir. Yaratdığı obrazlar əksərən yadda qala bilən obrazlar olur.

Komedixanada olmasa da, Azər Aydəmir, Taleh Yüzbəyov kimi “elastik” aktyorlar da bu qəbildəndir. Təbii, Elməddin Cəfərovu da unutmaq olmaz. İstər aparıcı, istər aktoyr, istər reklam-bir sözlə, bütün müstəvilərdə simaları və istedadları açıq görsənir.

Ənvər Abbasov, deyərdim, Komedixanada içlərində ən çox sənətkar olanlardandır. Harda olmağından asılı olmayaraq, kifayət qədər uğurludur.

Cavidan Novruzun musiqi fəaliyyətini kənara qoysaq, həm teatrda, həm də elə Komedixanada kifayət qədər maraqlı və fərqlidir, seçilə bilir və yadda qalır.

Komedixana təkcə məişət yox, altdan-altdan icazə verilən, edilə bilinən qədər siyasi yumorları ilə də seçilə bilir.

Əlbəttə, orada həm də aktrisalar çıxış edir.

Məsələn, məndən olsa, Mələk Kazımova ümumiyyətlə orada olmalı deyildi. Hərdən elə bilirəm, onun orada olmasına təkcə simasına görədir. Bu mənada, hələlik onun haqqında yüksək fikir demək çətin olsa da, başqa yerlərdə də rolları ilə xüsusi seçilən Xəyalə Quliyevanı qeyd etmək olar.

O cümlədən Zarina Qurbanova da maraqlı persona kimi çıxış edir. Ancaq xanımların hər biri Xəyalə Quliyevanın istedadının kölgəsində də qalır demək mümkündür.

Bir sözlə, konkret desək, Azərbaycan yumor yeni-yeni inkişaf edir. Bu inkişafda rolları, qolları olanlar isə adıçəkilən və çəkilməyən şəxslərdir.

Orxan Saffari
Gununsesi.info