Mahmudovlar yenidən hücumda - SABİQ NAZİR BU DƏFƏ BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN HAKİMLƏRİ İLƏ BİRLƏŞƏRƏK...

  • By admin
  • 06 Mart 2026 11:10

                                                             Mahmudovlar yenidən hücumda

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov “MTN İşi” çərçivəsində aparılan çoxsaylı epizodlar üzrə cinayət məsuliyyətindən yayınması, onun yenidən köhnə əməllərini davam etdirməsinə rəvac verib.

Söhbət bir qrup vətəndaşın sabiq nazirin oğlu Anar Mahmudovun iddiası ilə qanuni əmlaklarını itirmək riskindən gedir.

Gununsesi.info-ya üz tutan bir qrup vətəndaş sabiq nazir Eldar Mahmudovun və oğlu Anar Mahmudovun Bakı Apellyasiya Məhkəməsi vasitəsilə onları qanuni əmlaklarından məhrum etmək istədiyini deyib.

Belə ki, Bakının mərkəzində – Nizami küçəsində yerləşən hündürmərtəbəli binalardan birinin sakinləri Eldar Mahmudovun oğlu Anar Mahmudovun məhkəmə iddiası ilə üz-üzə qalıblar.

Məlumata görə, binada olan 3 mənzilin sakinləri 5 ildən artıq müddət əvvəl ayrı-ayrılıqda mənzillər alıb, həmin mənzilləri təmir etdirib və hal-hazıradək ailələri ilə birgə mənzillərdə yaşayırlar.

Keçmiş nazir oğlunun iddiası ondan ibarətdir ki, guya o, 15 il qabaq mənzilləri müqavilə əsasında almışdır, bu mənzillər ona məxsusdur.

Sakinlər bildirirlər ki, A.Mahmudovun “satın aldığı” mənzillər, əslində, onların mənzilləri deyil. Çünki mənzillərin ölçüləri və s. parametrləri qətiyyən üst-üstə düşmür.

Anar Mahmudovun bu iddiaya düşməsinə səbəb isə atasının “kəsdiyi başa sorğu olmadığı” dövrlərdə həmin binanı inşa edən “Dolçasaray” MTK -nın sahiblərini MTN-nin ənənəvi üsullarıyla hədələməsi və o heç bir ödəniş edilmədən mənzillərə dair Anar Mahmudovla müqavilə bağlatmasıdır.

MTN-nin ləğv olunmasından və nazirliyin yüksək vəzifəli şəxslərinin həbsindən sonra Mahmudovlar yoxa çıxıb və “aldıqları” məznillərin taleyi ilə maraqlanmayıb.

Çünki mənzillərə görə nə pul ödənilib, nə də A.Mahmudovun imzası həmin müqavilədə əks olunub.

Şirkət isə mənzilləri digər vətəndaşlara satıb. Həmin vətəndaşlar isə əmlaklarını sənədləşdirib, təmir etdirərək  yaşamağa başlayıb.

Sakinlər deyir ki, hətta A.Mahmudovun bu mənzilləri zamanında “halallıqla” və “qanuni” yollarla aldığını düşünsək belə, (inanmaq çox çətindir-red), bu zaman onun mübahisəsi binanı tikən və mənzilləri satan şirkət ilə olmalıdır.

“Vicdanlı əldə edən, uzun illər bu mənzillərdə yaşayan, hətta dövlət reyestrindən çıxarışı olan sakinlərin bu mübahisəyə aidiyyəti olmamalıdır” deyən vətəndaşlar bildirir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Mahmudovun oğlunun iddiası rədd edilib.

Anar Mahmudov isə  bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə Anar Mahmudovun şikayəti və iddiası təmin edilib, uzun illər öz halal evində yaşayan sadə sakinlərin mənzilləri boşaltmaları qərara alınıb.

Maraqlıdır ki, hüquqi və vicdani olaraq kifayət qədər sadə olan, oturuşmuş məhkəmə təcrübəsi mövcud bir məsələ hansı səbəbdən, yaxud maraqdan keçmiş MTN nazirinin xeyrinə yekunlaşır?

Bu zaman sual yaranır? Eldar Mahmudov həqiqətən “gedibmi”? Gedibsə, onun havadarları qalıbmı? Sadə sakinləri ev-eşiyindən çıxarmağa çalışan Eldar Mahmudovun xeyrinə çıxarılan bu qanunsuz qərarı Ali Məhkəmə ləğv edəcəkmi?

Qeyd edək ki, işə baxan məhkəmə tərkibi sədrlik edən Məmməd Məmmədov, hakimlər Günel Abbasova və Fuad Talışınskidən ibarətdir.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri  Məmməd Məmmədov, Günel Abbasova və Fuad Talışınskinin qanunları tapdalayaraq, adı çoxsaylı cinayətlərdə hallanan Mahmudovların iddiasını təmin etməsindəki qanunsuzluq halları barədə növbəti materialımızda geniş  araşdırma təqdim edəcəyik.

Gununsesi.info