İtaliyada şiddətli yağış: 3 nəfər ölüb, 7 nəfər itkin düşüb

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən 3 nəfər ölüb, 7 nəfər itkin düşüb. Ölkəyə təsir edən yağış və güclü külək xüsusilə Toskana və Veneto bölgələrində sel və daşqınlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Prato şəhərində 85 yaşlı kişi evinin birinci mərtəbəsində tamamilə su basmış otaqda ölü tapılıb.

Qeyd olunur ki, üç saat ərzində Toskanada 200 millimetrdən çox yağıntı düşüb.

Bildirilib ki, Bisenzio çayının daşması səbəbindən bölgədə bir çox kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri su altında qalıb, şəhərlərarası dəmir yolu əlaqəsi də dayandırılıb.

Qərbi Avropa ölkələrini Atlantik okeanı üzərində əmələ gələn güclü “Kiran” qasırğası vurub.

Daha əvvəl bildirilib ki, Fransanın şimal-qərbində və qərbində təbii fəlakət nəqliyyatda fasilələr və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Gununsesi.info