
NATO Moldovanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Alyansın köməyinə arxalana bilər.
Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Brüsseldəki mənzil-qərargahında Moldovanın baş naziri Dorin Reçen ilə görüşündə deyib.
Stoltenberq qeyd edib ki, NATO və Moldova 30 ildən artıqdır ki, əməkdaşlıq edir və son zamanlar tərəfdaşlıqlarını dərinləşdiriblər.
NATO baş katibinin sözlərinə görə, Rusiya xüsusilə enerji və dezinformasiya sahəsində Moldovaya təzyiqlərini artırır, həmçinin sabitliyi pozmağa və demokratiyaya zərər verməyə çalışır.
“Lakin Moldova Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməklə öz reaksiyasını qətiyyətlə nümayiş etdirdi”, – Stoltenberq bildirib.
Baş katib NATO-nun Moldovanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini vurğulayıb. “Biz Rusiyanı qoşunlarını Moldova ərazisindən çıxarmağa çağırırıq. Moldova bizim köməyimizə arxalana bilər”, – deyə o, əmin edib.
Stoltenberq xatırladıb ki, NATO bu il Moldovaya kibermüdafiəsini, strateji kommunikasiyalarını gücləndirmək və müdafiə qabiliyyətini artırmaq üçün böyük dəstək paketi qəbul edib.
Baş katib əlavə edib ki, Kişinyovla siyasi əməkdaşlıq genişləndiriləcək, bu da Moldovanın Aİ-yə daxil olması prosesini dəstəkləyəcək.
Moldovanın baş naziri öz növbəsində ölkəsinin müdafiə potensialını artırmaq istəyini qeyd edib, həmçinin NATO və müttəfiqlərinə bu məsələdə göstərdikləri dəstəyə görə təşəkkür edib. “Biz beynəlxalq missiyalarda və təlimlərdə iştirak etmək istəyirik. Bu, bizim imkanlarımızı və qarşılıqlı fəaliyyət qabiliyyətimizi gücləndirəcək”.
Gununsesi.info