İsrail-HƏMAS savaşı: Bayden iki dövlətli həll çağırışı etdi

ABŞ prezidenti Co Bayden İsraillə HƏMAS arasında 4 günlük humanitar atəşkəs razılaşmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Bayden bu barədə Massaçusets ştatındakı Nantucket adasında jurnalistlərin suallarına cavabında danışıb. Bayden Qəzzada atəşkəsin 4 gündən çox davam edəcəyinə ümid etdiyini qeyd edib.

Bayden bəzi girovların azad edilməsindən ruhlandığını bildirib və daha çox girovların azad ediləcəyinə ümid etdiyini bildirib.

Birinci qrup girovların azad edilməsinin sadəcə “başlanğıc” olduğunu qeyd edən Bayden Qəzzada müvəqqəti atəşkəsin uzadılması üçün “real” şansın olduğunu bildirib.

İsrail-Fələstin problemi ilə bağlı bir daha “iki dövlətli həll” üçün çalışmağa çağıran Bayden, “İsrail və fələstinlilər arasında iki dövlətli həll üçün çalışmaq öhdəliyimizi yeniləməliyik” deyib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında əldə olunan 4 günlük atəşkəs razılaşması dünən səhər saatlarında qüvvəyə mindiyi üçün İsrail həbsxanalarında saxlanılan fələstinlilərin israilli girovlar müqabilində dəyişdirilməsinə başlanılıb.

Mübadilə çərçivəsində 10-u taylandlı, biri filippinli və 13-ü israilli olmaqla cəmi 24 girov Həmas tərəfindən, Təl-Əviv rəhbərliyi isə 39 fələstinlini həbsdən azad edib.

ABŞ və Misirin, eləcə də Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəs qüvvəyə mindikdən sonra zaman-zaman pozulub. Tərəflər bu vəziyyətə görə qarşılıqlı olaraq bir-birini ittiham ediblər.

Dörd günlük müddət ərzində ilkin olaraq 50 israilli müqabilində 150 ​​fələstinli azad ediləcək.

İsrailin məlumatına görə, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu nəticəsində 1200 nəfər həyatını itirib. Hücumdan sonra HƏMAS tərəfindən 240-a yaxın adam qaçırılıb. İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 13 mindən çox insanın həyatını itirdiyi bildirilir.

Gununsesi.info