
Dünən İranın Kirman əyalətində İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdaddakı hücumunda öldürülməsinin 4-cü ildönümü ilə bağlı anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib. Süleymaninin məzarının yerləşdiyi qəbiristanlığın yaxınlığında baş verən partlayışlarda 103 nəfərin öldüyü bildirilsə də, sonradan rəsmi qurumlar bu rəqəmi 95 nəfər olaraq açıqlayıb. Sözü gedən hücumda 211 nəfər yaralanıb. İran rəsmiləri partlayışların terror aktı olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, hücumlardan sonra bütün gözlərin çevrildiyi İsraildən də partlayışlarla bağlı açıqlama gəlib. İsrail Ordusunun sözçüsü Daniel Haqari mətbuat konfransında bir jurnalistin İrandakı hücumlarda İsrailin əli olub-olmaması ilə bağlı sualına belə cavab verib: “Mən bu məsələni şərh etməyəcəyəm”.
“Deyə bilərəm ki, HƏMAS ilə müharibəyə fokuslanmışıq. Bu müharibə üçün əldə edilməli olan dəqiq hədəflər var və biz bu hədəflərə çatmaq üçün çalışmaqda davam edəcəyik”, – deyə o bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də gündəlik mətbuat brifinqində İrandakı terror aktları ilə bağlı sualları cavablandırıb. “ABŞ-ın heç bir şəkildə bu işə qarışmayıb, əksinə iddialar gülüncdür. İkincisi, bizim İsrailin bu partlayışlarda əli olduğuna inanmağa əsasımız yoxdur”, – deyə o bildirib. Miller hücumlarda həyatını itirənlərə başsağlığı verib.
Gununsesi.info