
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı, Hakkari, Iğdır və Van ərazilərinin İranla sərhədinə beton divarlar çəkiləcəyini açıqlayıb. Artıq 157 kilometrlik divarın tamamlandığını vurğulayan Ərdoğan bu tədbirin təkcə Əfqanıstandan başlayacaq böyük köç üçün yox, terrora qarşı da vacib amil olduğunu söyləyib.
Maraqlıdır, Türkiyənin çəkdiyi beton sədlər İranla münasibətlərə soyuqluq gətirə bilərmi? Bundan sonra Əfqanıstan hadisələri bölgədəki vəziyyətə necə təsir edəcək?
Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə düşünür ki, əfqan qaçqınlar İran və Türkiyədən keçməklə, Avropaya köç etmək niyyətindədirlər:
“Taliban rejimini qəbul etməyən, ondan qorxan milyonlarla insan Əfqanıstandan qaçır. Onların yeganə çarəsi İrana, Türkiyəyə, oradan da Avropaya qaçmaqdır. Bunun Türkiyə və İran arasındakı münasibətin soyuqlaşmasına elə də təsiri yoxdur. Sərhədlərimiz pis qorunsaydı, əfqanlar bizim ölkəmizə qaçıb, Avropaya buradan keçmək istəyərdilər. Amma Azərbaycanla Avropa arasında birbaşa sərhəd yoxdur. Arada İran, Ermənistan, Rusiya və Gürcüstan var. Türkiyə başa düşür ki, Avropa artıq qaçqınları qəbul etmək istəmir. Ona görə, İranla sərhədinə beton divar tikir.
İran-Türkiyə münasibətləri tarix boyu, soyuq da olub, isti də. Müharibələr aparıblar, islam həmrəyliyi adı ilə tədbirlərdə iştirak ediblər və s. Onların mövqeləri müxtəlif məsələlərdə fərqliliyini qoruyur.
Terrora qarşı mübarizəyə gəlincə, bunu hamı aparır. Amma eyni zamanda terrora dəstək də verirlər. Məsələn, Türkiyə Suriya rejimini devirmək üçün dəstək verirdi. İran isə Bəşər Əsədi dəstəkləyirdi deyə, araları yaxşı deyildi. Amerika dünya miqyasında terrora qarşı mübarizə aparır, amma bütün terror təşkilatlarına dəstək göstərir. Rusiya terrorizmə qarşı mübarizə aparır, ama “ASAL” təşkilatına, erməni terroruna dəstək verir. Digər ölkələr də bu strategiyanı saxlayır. Hər şey nisbidir”.
Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsinin, əhalinin ölkədən qaçışının bölgəyə təsirlərinə toxunan Z. Əlizadə mənfi, ya müsbət nəticələrin dövlətlərin özündən asılı olacağını söyləyib:
“Əfqanıstan məsələsinin bölgəyə necə təsir edəcəyi dövlətlərin öz mövqeyindən asılıdır. Hansı ölkə bu məsələlərə qarışmamaq, kənarda qalmaq istəyirsə, o udacaq. Məsələn, Türkiyə ilə Əfqanıstan arasında İran var, bu, artıq bir növ çəpərdir. Amma Türkiyə Əfqanıstanın işlərinə qarışsa, Pakistanla əlbir olub, Əfqanıstana qarşı addımlar atsa, Türkiyəyə təsiri olacaq. Eynilə də Azərbaycan Əfqanıstanın işlərinə qarışmasa, heç bir təsir görməyəcək”.
Qeyd edək ki, bundan öncə Türkiyə hökuməti PKK-nın İran ərazisindən ölkəyə sızmasının qarşısını almaq üçün sərhədə uzunluğu 81 kilometrdən çox olan beton divar inşa edib. Beton sədd Ağrı bölgəsinin İranla sərhədinə çəkilib, hündürlüyü bir neçə metr olan divarın üstündə tikanlı məftillərdən ibarət əlavə təhlükəsizlik səddi yer alıb. Bu səddin hündürlüyü 1 metrdir, beton sədd boyu gülləkeçirməz şüşələrlə təchiz olunan 15 qapı qoyulub.
Beton səddin çəkilməsi 2017-ci ildə başlayıb. Səddin çəkilməsinin məqsədi həm də İran ərazisindən keçməklə Türkiyəyə narkotik qaçaqmalçılığının və qeyri-leqal miqrantların axınının qarşısını almaqdır.