“İnsan hüquqlarının səmərəli müdafiəsi sülh prosesinin uğurunun açarıdır” - Dunya Miyatoviç

“Ermənistan və Azərbaycan hakimiyyətləri sülh danışıqlarında insan hüquqlarının müdafiəsinə diqqət yetirməli və münaqişənin təsirinə məruz qalan bütün şəxslər üçün güclü insan hüquqları təminatları yaratmalıdırlar”.

Bu barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin ofisindən Gununsesi.info-ya göndərilən məqaləsində qeyd edilir.

Müvəkkil məqaləsində 2023-cü il oktyabrın 16-dan 23-dək Ermənistan və Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfərindən sonra öz müşahidələrini dərc edib.

Komissar Ermənistanda hakimiyyət tərəfindən verilən sığınacaqlarda məskunlaşan Qarabağdan gedən etnik ermənilərlə söhbət edib.

Komisar vurğulayıb ki, “Ermənistan hakimiyyətinin Qarabağ bölgəsindən gələn bütün ehtiyacı olanlara ilk əsas yardım üçün göstərdiyi səyləri alqışlayır”. O qeyd edib ki, “Ermənistana qaçmış Qarabağ ermənilərinə, xüsusən də həssas qruplara aid olanlara təminat verilməlidir”. “Avropa Şurasına üzv dövlətlər məcburi köçkünlərin və onları qəbul edən əhalinin humanitar ehtiyaclarının tam ödənilməsini təmin etmək üçün maliyyə dəstəyinin təmin edilməsinə diqqət yetirməlidirlər”, – deyə komissar əlavə edib.

O bildirib ki, “mümkün qayıdış gözlənildikdə, Qarabağ ermənilərinin müvəqqəti olaraq öz evlərinə qayıtmaları, yaxınlarının dəfn olunduğu məzarlıqları ziyarət etmələri üçün təhlükəsizlik təminatlarının yaradılması da daxil olmaqla, təcili yollar tapılmalıdır. Qarabağ bölgəsində qalmış azsaylı etnik ermənilər də bütün insan hüquqlarının müdafiəsindən, o cümlədən onların hərəkət azadlığının təmin edilməsindən faydalanmalıdırlar”.

Azərbaycan hökumətinin Qarabağdan olan etnik ermənilərin Qarabağ bölgəsinə qayıtmasının asanlaşdırılması istiqamətində atdığı addımları alqışlayan müvəkkil ümidvar olduğunu bildirib ki, bu arzusunda olan bütün məcburi köçkünlər tezliklə təhlükəsiz şəkildə qayıda biləcəklər. Müvəkkil vurğulayıb ki, uzun sürən münaqişə nəticəsində köçkün düşmüş bütün şəxslərin ölkə daxilində və ya sərhədləri aşmasından asılı olmayaraq, könüllü olaraq, təhlükəsizlik şəraitində öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ var.

“Münaqişə ilə bağlı bildirilmiş beynəlxalq humanitar hüququn pozulması və ciddi insan hüquqları pozuntuları ilə bağlı bütün iddialar effektiv və operativ şəkildə araşdırılmalı, günahkarlar ədalətli, müstəqil və qərəzsiz məhkəmə araşdırmasından sonra təqsirli bilinərək məsuliyyətə cəlb edilməli, cəzalandırılmalıdır”, – deyə o əlavə edib.

“Qarabağ regionu ilə bağlı münaqişənin təsirinə məruz qalan bütün şəxslərin insan hüquqlarının səmərəli müdafiəsi sülh prosesinin uğurunun açarıdır”, – deyə müvəkkil bildirib.

Müvəkkilin müşahidələrində toxunulan digər insan hüquqları məsələlərinə insanların minalardan və müharibənin dağıdıcı qalıqlarından qorunması zərurəti daxildir.

Nəhayət, müvəkkil “hər iki ölkənin hakimiyyətini nifrət nitqi ilə mübarizə aparmağa və qarşılıqlı anlaşma və etimadı təşviq etməyə, o cümlədən insan hüquqlarına uyğun memoriallaşdırma və barışıq proseslərinin qurulmasına vətəndaş cəmiyyətini cəlb etməyə” çağırıb.

Gununsesi.info