İngiltərə Premyer Liqası: “Arsenal” zirvədəki yerini qoruyub

  • By ilhame
  • 02 Dekabr 2023 21:57

İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Arsenal” “Vulverhempton”u qəbul edib.

Gununsesi.info xəbər verir ki, üç qolun vurulduğu qarşılaşmada “topçular” minimal üstünlüklə qələbə qazanıblar.

Piter Benksin rəhbərliyi altındakı arbitrlər briqadasının idarə etdiyi oyunda artıq 13-cü dəqiqədə hesab 2:0 ev sahiblərinin xeyrinə olub. Londonluların qollarını Bukayo Saka və Martin Edeqor vurub. Qızğın başlanğıca baxmayaraq, “Arsenal”ın qollarının ardı gəlməyib. Əksinə, 86-cı dəqiqədə qonaqlar hesabdakı fərqi minimuma endiriblər: “canavarlar”ın hücumçusu Mateus Kunya topu qapıya göndərib. Bununla belə, “Vulverhempton”un bundan artığına gücü çatmayıb. Beləliklə, matç 2:1 Mikel Artetanın yetirmələrinin xeyrinə başa çatıb.

Qeyd edək ki, 14 oyundan sonra “Arsenal” 33 xalla turnir cədvəlindəki yerini qoruyub. Komanda birinci pillədədir və ehtiyatında bir oyun olan “Mançester Siti” və “Liverpul”u müvafiq olaraq dörd və beş xalla qabaqlayır. “Vulverhempton” 14 oyundan isə 13-cü pillədədir. Komandanı ilk onluqdan cəmi dörd xal ayırır.

Gununsesi.info