
İmişli rayonunda 11 yaşlı məktəbli qızın cinsi zorakılığa məruz qalması bölgələrdə orta təhsilin durumunu bir daha gündəmə gətirib.
Şagirdin normal yetişməsi üçün valideynlə yanaşı orta təhsilin də mühüm rolu var.
Bu arada İmişli təhsilində çalışan bir qrup müəllim oradakı real vəziyyətlə bağlı Gununsesi.info-ya məlumatlar ötürüb.
Redaksiyamıza göndərilən məlumatda bildirilir ki, rayon məktəblərində yuxarı siniflərdə tədris, ümumiyyətlə yoxdur. Belə ki, əksər şagirdlər repititor yanına getdiyindən oxumağa meyilli olmayanlar da məktəbdən uzaq qalıb.
İmişli müəlimləri konkret ünvan da göstərib: “Rayonun Boşçallar kəndində daha dözülməz durumdur. Habil Namazov adına Boşçallar kənd orta məktəbi direktor Səadət Mustafayevanın maraqlarına uyğun olaraq, idarə olunur. Bu məktəbdə direktor yuxarı sinif şagirdlərini buraxıb. Müəllimlərə də təzyiq edir ki, dərsə gəlməyən şagirdə “qayıb” yazmayın. Bu tələbə əməl etməyən müəllimi isə direktor təzyiq altında saxlayır və həmin şagirdlərin valideyni ilə üz-üzə qoyur”.
Gununsesi.info-ya müraciət edən İmişli müəllimləri rayon təhsil şöbəsinin rəhbəri Ələmdar Quliyevin də bu qanunsuzluqlardan xəbərdar olduğunu iddia edir: “Direktor Səadət Mustafayeva barəsində hər il rayon təhsil şöbəsinə, Təhsil Nazirliyinə şikayətlər edilir. Amma nəticə yoxdur. Səadət Mustafayevə Təhsil Nazirliyinin işə qəbul testini qazanıb, təyinat alan müəllimlərlə də düşmənçilik edir. O, istəyir ki, buraya gələn müəllim, bezib, geri qayıtsın və dərs saatlarını özü məqsədəuyğun bildiyi adamlara versin”.
“Boşçallar məktəbi ilə bağlı bircə araşdırma kifayyət edir ki, İmişli təhsili haqqında fikir formalaşsın” deyə qeyd olunur.
Gununsesi.info olaraq, İmişli təhsilindəki durumla bağlı geniş araşdırmamzı təqdim edəcəyik.
Elmar Elnuroğlu
Gununsesi.info