“İmam Mehdi” dələduzluğa görə həbs olundu

Polis əməkdaşları 20 ildən artıqdır ki, özünü İmam Mehdi kimi təqdim edərək, dələduzluq yolu ilə vətəndaşlardan pul mənimsəyən Aqil Babayevi saxlayıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, o, vətəndaşların şikayəti əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat -istintaq tədbirləri nəticəsində saxlanılıb.

Onun qurbanları illər ərzində günahlarının “kəffarəsi” və axirətdə firavanlıq üçün “İmam”a on minlərlə manat ödəyən ən az 50 sadəlövh vətəndaş olub.

“İmam” qurbanlarını yığılan pulları yoxsullara kömək etmək üçün xərclədiyinə inandırıb. Babayev şəhid ailələrinə dəstək olaraq verilən pulları mənimsəməkdən çəkinməyib.

Eyni zamanda, bütün bu illərdə Babaev dəbdəbəli həyat sürüb, bir neçə bahalı mənzil və maşın alıb. Əlavə araşdırma zamanı onun tabeliyindəki insanları alçaltdığını və zorakılıq etdiyi məlum olub.

Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə o, həbs edilib.

Gununsesi.info