
Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.
Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Belə ki, ildırım zamanı:
– qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
– evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
– telefonla danışmayın;
– elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
– daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
– nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə, həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;
– düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
– yüksəklikdəsinizsə, çökək yerə enin;
– su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
– yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
– avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
– bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;
– qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlayın.