
Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Gununsesi.info-nun məlumatına görə, prosesdə çıxış edən Əvəz Zeynallı ittiham aktında yazılanları rədd edib, həbsini sifarişli adlandırıb.
Prosesdə ifadə verən şahid Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb:
“Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili Əvəz Zeynallının qohumunundu, onunla işiniz olmasın. Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı. İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik”.
Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib:
“Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm”.
Məhkəmədə məlum olub ki, iş üzrə digər şahidlər- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və millət vəkili İmamverdi İsmayılov prosesə çağırılsa da, onlar məhkəmə iclasına gəlməyib.
Hakim bildirib ki, həmin şəxslər növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən Əvəz Zeynallını azadlığa buraxmağı tələb edib.
Elmar
Gununsesi.info