
Yəməndə İranın dəstəklədiyi husilər bu gün birtərəfli qaydada əllərində olan 100 əsiri azad edəcəklərini açıqlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Husilərin Məhbuslarla İş üzrə Mütəxəssisi Abdulkadir əl-Murteza X sosial media hesabında açıqlama verib.
O, bildirib ki, Husilərin lideri Əbdülməlik əl-Hutinin göstərişi ilə bu gün birtərəfli humanitar təşəbbüsə əl atacaqlar və bu çərçivədə ən azı 100 məhbus azad ediləcək.
Məsələ ilə bağlı Yəmən hökuməti hələlik açıqlama verməyib.
Xatırladaq ki, Yəmən hökuməti və husilər Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında 11 mart 2023-cü ildə İsveçrədə məhbus mübadiləsi danışıqlarına başlayıb.
Danışıqlar nəticəsində tərəflər 2023-cü il martın 20-də 887 nəfərin, o cümlədən 4 jurnalistin və tanınmış siyasi, hərbi və təhlükəsizlik rəsmilərinin qarşılıqlı azadlığa buraxılması barədə razılığa gəliblər.
Yəmən hökumətinin Əsir və Məhbuslar üzrə Danışıqlar Komitəsinin sözçüsü və İnsan Haqları Nazirliyinin müavini Məcid Fədail 19 aprel 2023-cü il tarixli açıqlamasında 3 il davam edən məhbus mübadiləsi çərçivəsində hər iki tərəfdən təxminən 900 nəfərin azad edildiyini deyib.
Eyni zamanda tərəflər 2018-ci ildə İsveçdə keçirilən görüşlərdə 15 mindən çox əsir, məhbus və qaçırılan şəxsin siyahısını təqdim ediblər.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.
Şəbnəm
Gununsesi.info