Heydər Piriyev vəzifəsindən azad edildi

Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Sərəncam imzalanıb.

 

2014-cü ilin iyun ayında Heydər Piriyevə Azərbaycan Prezidentinin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

 

64 yaşlı general-leytenant 2022-ci ilin iyun ayında Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilib.

 

Heydər Piriyevin əvəzinə polkovnik Gündüz Əbdülov gətirilib. Şuşa şəhərində anadan olan 48 yaşlı Gündüz Əbilov 2000-ci ildə Türkiyədə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.

 

2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

 

O, əvvəllər Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb. Ehtiyatda olan zabit sonuncu dəfə Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

 

Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”medalları ilə təltif olunub.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Nazirlik ehtiyata və istefaya göndərilən şəxslərin adlarını açıqlamayıb. Mətbuatda müdafiə nazirinin müavini Ənvər Əfəndiyevin istefaya göndərildiyi barədə xəbərlər yayılıb.