Hesablama Palatası büdcədəki dəyişikliklərdən narahatdır

Hesablama Palatası bu ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı rəyini yayımlayıb. Rəydə bildirilir ki, 2022-ci ildə artan geosiyasi gərginlik və embarqolar ucbatından enerji məhsulları bahalaşıb. Palata enerji qiymətlərinin son 9 ilin ən yüksək səviyyəsinə yüksəlməsinə ayrıca diqqət çəkib. Qurumun araşdırmasına görə, ötən il və bu ilin ilk rübündə dünya bazarlarında neftə tələb təklifi üstələyib. Ötən il dünyada neftə tələb günlük ortalama 100.3 milyon barel olub. Neft istehsalçılarının bazara təklifi isə daha az – 97.89 milyon ton idi.

Rəydə deyilir ki, təbii qaz qiymətləri indeksində də bu ilin 1-ci rübündə əvvəlki ilin eyni dövrüylə müqayisədə 2.8 dəfə artım qeydə alınıb. Enerji qiymətlərinin artması və yüksək inflyasiya büdcənin bütün gəlir istiqamətlərində (neft fondundan transferlər istisna olmaqla) proqnozdan yüksək göstəricilər doğurub. Hətta yenilənmiş büdcədə gəlir proqnozunun artırıldığı bəzi istiqamətlərdə elə indidən yeni proqnozların da əksər hissəsi təmin edilib. Palatanın fikrincə, yüksək qiymət artımları və büdcənin xərc istiqamətlərinin çoxaldılması ölkədə vergitutma bazasını da genişləndirəcək. Bu amillər nəticəsində dövlət vergi xidmətinin büdcəyə yönəltməsi nəzərdə tutulan məbləğlə bağlı risklər mövcud olmayacaq.

Gununsesi.info