Hafiz Babalının növbəti şikayəti təmin edilmədi

“Abzas Media” işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalının növbəti şikayəti təmin edilməyib.

Gununsesi.info -nun verdiyi xəbərə görə,  ötən ilin dekabrın 13-də valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunan jurnalist həbsinin əsassız olduğunu bildirərək qanunsuz cinayət təqibi ilə əlaqədar Baş prokurora müraciət edib.

Hafiz Babalı müraciətində qeyd edib ki, Bakı Şəhər Polis İdarəsinin müstəntiqi Toğrul Hüseynov və Bakı Şəhər Pokurorluğunun prokuroru Mobil Şəfiyev əsassız olaraq onun həbsinə, daha sonra isə ilkin həbs müddətinin uzadılmasına nail olublar.

Bununla əlaqədar olaraq o, müstəntiq və prokuror barəsində xidməti araşdırma aparılmasını və cinayət işinə xitam verilməsini tələb edib.

Lakin Baş Prokurorluqdan “istintaqın davam etdiyi, onun yekunlarına görə müvafiq qərarın qəbul edilməsinin təmin ediləcəyi” cavabı verilib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Bu ilin fevralından etibarən iş üzrə həbs edilən jurnalistlərin həbs müddəti uzadılıb.

Son olaraq mayın 25-də jurnalist Nərgiz Absalamova barəsində qəbul edilən həbs qətimkan tədbiri ikinci dəfə daha 22 gün müddətinə uzadılıb.

Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistlər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Gununsesi.info