
Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Kollegiya iclasından öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Çıxışlardan sonra bir sıra məsələlər müzakirə olunub.
Belə ki, Hərbi prokuror Xanlar Vəliyev 2024-cü ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldildiyini qeyd edib.
Vurğulanıb ki, qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
Bundan əlavə, hər il olduğu kimi, 2024-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanan müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirildiyi bildirilib.