
Müsəlman Birliyi Hərəkatının (MBH) İdarə Heyətinin üzvü Ağaəli Yahyayevin yerinin bilinmədiyi deyilir.
Gununsesi.info xəbər verir ki, A.Yahyayevin həyat yoldaşı Şahanə Yahyayeva bildirilib ki, avqustun 31-i axşamdan ondan xəbər tuta bilmirlər: “Yoldaşım dünən saat 19:30-da evdən ev paltarı ilə maşınla anasını bağdan götürməyə çıxdı və dedi ki, başqa heç bir yerə getməyəcək. Uşaqları da götürmədi ki, bacısının uşaqlarını da gətirəcək deyə, maşında darısqallıq olacaq. Bağa qədər maksimum bir saatlıq yol var. Bir saat keçəndən sonra telefonla onu yığdım. Telefonu, interneti açıq olsa da, cavab vermədi. Anasına zəng vurdum, bağa gəlmədiyini dedi”.
A.Yahyayevin yoldaşı qeyd edib ki, onun polisə etdiyi zənglər də nəticə verməyib. Ş.Yahyayevanın fikrincə, yoldaşı saxlanıb: “Bundan əvvəl biz Bakı Ağır Cinayətlər Məhkəməsinə inanclı şəxslərin prosesinə gedəndə bizi maşınla izləyirdilər. Ağaəli bəy siyasi məhbus həyatını yaşayıb, uzun müddət həbsdə qalıb deyə, ailə ilə çoxlu vaxt keçirməyə çalışır. Dünən yeganə haldır ki, bizsiz evdən çıxdı və dərhal onu apardılar. Deməli, onu əvvəlcədən izləyirdilər”.
Bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
A.Yahyayev bundan əvvəl 2015-ci ildə həbs edilərək “Nardaran-2” işi üzrə mühakimə olunub. Bakı Ağır Cinayətlərin Məhkəməsinin qərarı ilə ona 15 il həbs cəzası verilib. A.Yahyayev 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.
Gununsesi.info