Gürcüstan Qərblə açıq qarşıdurma yolunu seçdi - Eirazlara səbəb olan qanun imzalanddı, nələr baş verəcək?

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə müxalifətin və vətəndaş cəmiyyətinin kəskin etirazlarına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Spiker bu barədə bazar ertəsi keçirdiyi brifinqdə deyib. Müxalifət qanun layihəsinin əleyhinə səs verib, onun tərəfdarları həftələrdir paytaxt Tbilisidə etiraz aksiyaları keçirib. Sənəd Qərb dövlətləri tərəfindən də kəskin tənqid edilib. Prezident Salome Zurabaşvili onu imzalamaqdan imtina edərək veto qoyub.

Hakim “Gürcü arzusu” partiyası parlamentdəki çoxluq hesabına prezidentin vetosundan yan keçə bilib. Yeni qanuna görə, avqust ayından başlayaraq, 2023-cü ildə gəlirlərinin 20 faizindən çoxunu xaricdən əldə edən media və QHT-lər xarici dövlətin maraqlarını təbliğ edən təşkilatlar kimi qeydiyyatdan keçməlidir.

Gürcüstanın internet mediası və əsasən Qərb fondları ilə işləyən QHT-lərin böyük əksəriyyəti bu tələbin təsiri altına düşür.

Müəlliflər israr edirlər ki, sənəd repressiv tədbirləri ehtiva etmir və qeyri-kommersiya sektorunda təşkilatların şəffaflığını artırmaq məqsədi daşıyır.

Onlar iddia edirlər ki, qanun Rusiyadan deyil, Amerika qanunvericiliyinin normalarını təkrarlayır. Prezident Co Baydenin administrasiyası bildirib ki, ABŞ qanunun qəbulu ilə əlaqədar Gürcüstanla münasibətlərə yenidən baxa bilər.

Avropa İttifaqı ölkələrinin bir sıra nümayəndələri sənədi imzaladıqdan sonra Gürcüstanın Aİ üzvlüyünə namizəd statusunu ləğv etməyə və Tbilisi ilə vizasız rejimdən imtina etməyə çağırıblar.

 

 

Günay Mahirqızı

Gununsesi.info