Gözlər Antalya Forumunda - Kimlər nələri müzakirə edəcək...

Bu gün dünyanın siyasi gündəmi Türkiyənin Antalya şəhərində keçiriləcək Diplomatik Foruma yönəlib. Forumda dövlət başçıları, xarici işlər nazirləri və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də daxil olmaqla 2000-dən çox qonağın iştirakı gözlənilir.

Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və xarici işlər naziri Mövlud Çavuşoğlunun ev sahibliyi ilə keçiriləcək Antalya Diplomatik Forumunda (ADF) builki mövzu “Diplomatiyanın yenidən qurulması” olacaq.

Dünya gündəminin qaynar mövzularını müzakirə edəcək forum 11-13 mart tarixlərində “Nest” Konqres Mərkəzində keçiriləcək.

Dialoq platforması kimi ADF Dünya İqtisadi Forumu (WEF), Münhen Təhlükəsizlik Konfransı (MSC), Doha Forumu kimi əhəmiyyətli təcrübəyə malik təşkilatlar sırasında olmaq iddiasını davam etdirir.

Bundan əlavə, NATO və Aİ-dən mühüm iştirakçılar Antalyada olacaq.

NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Parlamentinin baş katibi Mariya Buriç, Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançez Amor, Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos və BMT-nin xüsusi nümayəndəsi James Svan da ADF-yə qatılan şəxslər arasındadır.

İsveçin xarici işlər naziri Ann Linde, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korkok, Lüksemburqun xarici işlər naziri Jan Asselborn da daxil olmaqla, Avropadan bir çox xarici işlər nazirinin qatılacağı ADF-də Latviyanın müdafiə naziri Artis Pabriks də iştirak edəcək.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Fələstinin xarici işlər naziri Riyad Malki və Əfqanıstanın müvəqqəti hökuməti Taliban xarici işlər nazirinin müavini Emirhan Müttəki də iştiraklarını təsdiqləyən mühüm adlar sırasındadır.

Bir tərəfdən fikir ayrılıqları, qarşıdurmalar və müharibələr olsa da, ADF hər cür şəraitdə diplomatiyaya şans vermənin vacibliyini göstərəcək, digər tərəfdən münaqişələrin və onların yaratdığı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün həll yollarını axtaracaq. Bu il ADF-də gərginliyi həll etmək və əməkdaşlığı inkişaf etdirmək üçün güclü diplomatiyanın zəruriliyi vurğulanacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Çavuşoğlunun iştirakçılar qarşısında çıxışı ilə başlayacaq forumda panellər və dəyirmi masalar, iştirakçılar arasında ikitərəfli görüşlər, yan tədbirlər və Gənclər Forumu keçiriləcək.

ADF-də liderlərin iştirakı ilə 3 sessiya ilə yanaşı, regional, qlobal və tematik mövzularda sessiyalar da keçiriləcək.

Gununsesi.info