Gömrük Komitəsinin qanunsuzluğu Azərbaycana baha başa gəldi - TÜRKİYƏ VƏ YAPONİYA VƏTƏNDAŞLARI AVROPA MƏHKƏMƏSİNDƏ ÖLKƏMİZİ CƏRİMƏLƏTDİ

  • By admin
  • 18 Noyabr 2021 21:19

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlarını açıqlayıb.

Gununsesi.info-nun aihmaz.org-a istinadən verdiyi xəbərə görə, məhkəmə bu dəfə xarici ölkə vətəndaşlarının şikayəti üzrə Azərbaycan hökumətini cərimələyib.
Söhbət Türkiyə və Yaponiya vətəndaşlarının Azərbaycan gömrüyündə üzləşdiyi qanunsuzluqlardan gedir.

 

Avropa Məhkəməsi bu işdə hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət hüququnun pozuntusu baş verib.
Qərara əsasən, hökumət birinci ərizəçiyə 210 min avro, ikinci ərizəçiyə isə 127 min avro maddi zərərə görə təzminat ödəməlidir.

Bu işdə ərizəçilər İstanbulda yaşayan Türkiyə vətəndaşı Serpil Par və Yokohamada (Yaponiya) yaşayan Yaponiya vətəndaşı Katsunori Hyodo idi. Onların şikayəti, 2010 və 2011-ci illərdə Bakı beynəlxalq hava limanından keçərkən, gömrük orqanları tərəfindən saxlanılmaları, bəyan edilməmiş pul məbləğinin götürülməsi ilə bağlı idi.

Hər iki ərizəçiyə hadisələrin baş verdiyi zaman, qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıbmış. Həmin cinayət işinə Ərizəçilər bəyan edilməyən pulun müsadirəsinə razılıq verdikdən sonra xitam verilib. Qısa müddət sonra ölkəni tərk edən ərizəçilər, sonra pullarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediblər, lakin bunun nəticəsi olmayıb.

Onlara məxsus pul məbləğinin qanunsuz, təzyiq altında müsadirə edildiyini iddia edən ərizəçilər, mülkiyyət hüquqularına müdaxilənin baş verdiyini iddia edirdilər.

Gununsesi.info