Həbsimə səbəb iki iclasda çıxışım və beş məktubum olub - ELDAR HƏSƏNOV PROKURORLUĞU İTTİHAM EDİR

  • By admin
  • 14 Noyabr 2021 19:50

“Məni 5 məktuba və 2 çıxışıma görə həbs edilmişəm”.

Gununsesi.info bildirir ki, bu barədə noyabrın 12-də öz məhkəməsində danışan Həsənov sözügedən məktub və çıxışlarda nədən bəhs olunduğunu açıqlamayıb

Keçmiş Baş prokuror və səfir Eldar Həsənovdeyir ki, hazırda həbsdə olmasının səbəbi yazdığı 5 məktub və 2 çıxışında səsləndirdiyi fikirlərdir.

Bu barədə noyabrın 12-də öz məhkəməsində danışan Həsənov sözügedən məktub və çıxışlarda nədən bəhs olunduğunu açıqlamayıb.

Keçmiş səfirin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində üç aydır davam edən məhkəmə araşdırmaları yekunlaşmaq üzrədir. İttiham tərəfinin şahidləri dindirilib, indi sabiq səfirin vəkilləri əlavə şahidlərin dindirilməsini istəyir.

Onların arasında əcnəbi siyasətçilər, eləcə də Serbiyada Azərbaycan səfirliyinin binasında çalışmış xadimə, bağban, sürücü və başqaları var. Amma hakimlər müdafiə tərəfinin istədiyi şəxslərin dindirilməsinə ehtiyac görməyib.

Eldar Həsənov

“Müstəntiq o sənədlərə baxmayıb”

Eldar Həsənov həmin sənədlərin prokurorluqdan alınıb, işə əlavə olunmasını istəyib:

“Həbsimə səbəb iki iclasda çıxışım və beş məktubum olub. Bu sənədlər səfirlikdən götürülüb, çıxışların da stenoqramları çıxarılıb. Xarici İşlər Nazirliyi onları Baş Prokurorluğa göndərib. O sənədlər cinayət işinin materiallarına əlavə olunmayıb. Baş Prokurorluqda bir ölüxana kabinet yaradıblar, mənim işimlə bağlı bütün sənədlər, arxiv oradadır”.

Amma məhkəmə onun bu vəsatətinə “yox” deyib.

Sabiq səfir bildirib ki, Azərbaycan hökumətinin xarici ölkələrdə həyata keçirdiyi, ona aidiyyəti olmayan humanitar layihələrdə yeyintilərlə bağlı da ona qarşı ittiham verilib. Həsənov iddia edir ki, bu ittihamlar sadəcə, sözdən ibarətdir, onların arxasında dayanan heç bir fakt, sənəd yoxdur.

Həsənov vurğulayıb ki, Rumıniyada səfir işlədiyi dövrlə bağlı bir epizod üzrə ittiham olunur. Bu da paytaxt Buxarestdəki parkda (həmin parkı Azərbaycan hökuməti saldırıb, Heydər Əliyevin büstü qoyulub-red.) kamera quraşdırılmasıyla bağlıdır:

“Bu məsələ ilə əlaqədar mən istintaqa iki sənəd təqdim etmişəm. Amma müstəntiq o sənədlərə baxmayıb. Əminəm ki, siz o sənədlərə baxsanız, avtomatik ədalətli qərar çıxaracaqsınız”.

 

Eldar Həsənov

“Müstəntiqə deyiblər, “get, adamın barmağını gətir”’

Keçmiş səfirin sözlərinə görə, onun özü və ailə üzvlərilə yanaşı, əmisi, dayısı və onların övladlarının da bank hesabları, əmlakları araşdırılıb. Amma heç nə tapılmayıb. Onun imzası olmayan sənədə görə ittiham edildiyini vurğulayan səfir bunu qərəzlə yanaşı, həm də savadsızlıq kimi qiymətləndirib:

“Belə savadsızlıq, təcrübəsizlik olmaz. Müstəntiqə deyiblər, “get, adamın barmağını gətir”, bu da gedib başını gətirib. Bu qədər olmaz… Eldar Hüseynovu (Heydər Əliyev Fondunun layihələrinin icrası üçün göndərilən Eldar Hüseynov bir neçə il əvvəl vəfat edib-red) dövlət göndərmişdi, bununla bağlı Xarici İşlər Nazirliyinin səfirə təlimatı olub. Müstəntiq isə yazıb ki, guya Eldar Hüseynovu şəxsi əlaqəmə görə mən gətirmişəm. Ayıbdır. Bu qədər qanunsuzluğa məəttəl qalmışam. Başqa sözüm yoxdu”.

Sabiq baş prokurorun məhkəməsi noyabrın 15-də davam edəcək. Növbəti iclasda məhkəmə istintaqının yekunlaşacağı və prokurorun Həsənova cəza istəyəcəyi istisna olunmur.

Gununsesi.info